×

Xəbərlər

Xəbərlər 22 Jun 2026
UFAZ-da “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” (AIDT 2026) konfransı start götürüb

İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” (AIDT 2026) beynəlxalq elmi konfransı öz işinə başlayıb. 22-24 iyun tarixlərini əhatə edən tədbir süni intellektin və rəqəmsal transformasiyaların müasir çağırışlarını müzakirə etmək, elmi bilik mübadiləsini gücləndirmək və akademiya-sənaye əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyır.

 

ADNSU, Strasburq Universiteti (Unistra), INSA Rouen Normandie, “ICube” və LITIS laboratoriyalarının tərəfdaşlığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin Azərbaycan Beynəlxalq Bankının (ABB) sponsorluğu ilə təşkil edilən konfrans beynəlxalq və yerli tədqiqatçıları, professorları və sənaye nümayəndələrini bir araya gətirib.

 

Konfransın açılış mərasimində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Təhsildə İKT Bürosunun rəhbəri Vüsal Xanlarov, tədbirin sponsoru olan ABB-nin Data və süni intellekt üzrə direktoru Maya Dursunova çıxış edərək süni intellektin təhsil, elm, innovasiya və rəqəmsal transformasiyanın inkişafındakı rolunu vurğulayıblar. Açılışmərasiminin sonunda INSA Rouen Normandie universitetinin professrou,AIDT 2026 konfransının elmi koordinatoru Sesiliya Zanni-Merk konfransı rəsmi olaraq açıq elan edib.

 

Təbirin ilk günündə Böyük Britaniyanın Kardiff Universitetinin professoru Rossi Setçi "Anlamadan etimada doğru: Neyro-simvolik intellektin gücü" mövzusunda, ADA Universiteti SITE məktəbinin müəllimi və "MegaSec" süni intellekt laboratoriyasının rəhbəri Samir Rüstəmov isə "Böyük dil modelləri: Arxitektura, imkanlar və sahəyəözəl süni intellektə doğru" mövzusunda çıxış ediblər. Bundan əlavə, 9 məqalənin təqdimatı baş tutub.

 

Konfransın üçüncü günündə Kanadanın Karleton Universitetinin professoru və Qabaqcıl Real Zamanlı Simulyasiya Laboratoriyasının (V-Sim) rəhbəri Qabriel Veyner və Avstriyanın IMC Krems Universitetinin TətbiqiElmlər fakültəsində Rəqəmsallaşma və İnformatika İnstitutunun rəhbəri vəzifəsini icra edən Deepak Dhungana məruzə ilə çıxış edəcək. Əlavə olaraq 13 məqalənin təqdimatı gözlənilir.

 

Tədbirin sonuncu günündəFransanın “IMT MinesAlès” Uiversitetinin professoru, “SyCoIA” laboratoriyasının direktoru Qreqori Zaxareviç, Paris Rəsədxanasının Zaman-Məkan Laboratoriyasının tədqiqatçısı Dr. Florens Somer və laboratoriyanın rəqəmsal layihələr üzrə meneceri Somkeo Norindrin çıxışı baş tutacaq. Əlavə olaraq 6 məqalə üzrə təqdimat həyata keçiriləcək.


 

Qeyd edək ki, UFAZ-da hər il müxtəlif elmi istiqamətlərə həsr olunan beynəlxalq konfranslar təşkil edilir. Bu tədbirlər universitetin qlobal elmi şəbəkəyə inteqrasiyasını gücləndirməklə yanaşı, elm və sənaye arasında əməkdaşlığın inkişafına da mühüm töhfə verir.


Paylaş