×

Xəbərlər

Xəbərlər 22 Jun 2026
ADNSU tələbələri İsveç Krallığının Linköping Universitetində akademik və tədqiqat təcrübəsini uğurla başa vurublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kompüter elmləri və Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan bir qrup tələbə mübadilə proqramı çərçivəsində İsveç Krallığının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Linköping Universitetində akademik və tədqiqat fəaliyyətlərini uğurla başa vurublar.

Mübadilə proqramı müddətində tələbələr ixtisas istiqamətlərinə uyğun müxtəlif fənlər üzrə təhsil alıb, tədris prosesində fəal iştirak edib və semestr imtahanlarını uğurla tamamlayıblar. Onlar əməliyyat sistemləri, süni intellekt, məlumatların analizi, proqram təminatının hazırlanması və digər müasir istiqamətlər üzrə nəzəri biliklərini artırıb, praktiki bacarıqlarını daha da təkmilləşdiriblər.

Avropanın kompüter elmləri sahəsində qabaqcıl ali təhsil müəssisələrindən hesab olunan Linköping Universitetində keçirilən təhsil prosesi tələbələrə innovativ tədris metodları, müasir laboratoriyalar və inkişaf etmiş tədqiqat infrastrukturu ilə yaxından tanış olmaq imkanı yaradıb. Mübadilə proqramında iştirak edən bəzi ADNSU tələbələri universitetdə icra olunan elmi-tədqiqat layihələrinə də cəlb edilərək beynəlxalq tədqiqat mühitində çalışma təcrübəsi qazanıblar.

Proqram çərçivəsində tələbələr müxtəlif ölkələrdən olan həmyaşıdları ilə birlikdə təhsil alıb, beynəlxalq akademik və mədəni mühitə inteqrasiya olunub, fərqli yanaşma və təcrübələrlə yaxından tanış olublar. Bu təcrübə onların peşəkar hazırlığının gücləndirilməsi ilə yanaşı, kommunikasiya, komanda işi və qlobal əməkdaşlıq bacarıqlarının inkişafına da mühüm töhfə verib.

Linköping Universitetində əldə olunan akademik və tədqiqat təcrübəsi tələbələrin beynəlxalq elmi mühitdə fəaliyyət imkanlarını genişləndirib, gələcək karyera perspektivlərinin formalaşmasına və qlobal peşəkar şəbəkələrə qoşulmalarına əlavə üstünlüklər qazandırıb.

ADNSU tələbələrinin mübadilə proqramı çərçivəsində əldə etdikləri uğurlu nəticələr universitetin beynəlmiləlləşmə strategiyasının, eləcə də beynəlxalq tərəfdaşlarla qurulan səmərəli əməkdaşlıq əlaqələrinin növbəti uğurlu göstəricisi kimi dəyərləndirilir.


Paylaş