×

Xəbərlər

Xəbərlər 23 Jun 2026
ADNSU-da “Ignite” İnkubasiya proqramı çərçivəsində “MVP və prototipləşdirmə” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “Ignite” İnkubasiya proqramı çərçivəsində “MVP və prototipləşdirmə” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara məhsulun ilkin versiyasının hazırlanması, ideyanın praktik formada nümayiş etdirilməsi və istifadəçi rəyləri əsasında təkmilləşdirilməsi prosesləri barədə ətraflı məlumat verilib. Sessiya çərçivəsində MVP yanaşmasının əsas prinsipləri, prototipləşdirmə alətləri və məhsulun bazara çıxışa hazırlanması praktiki nümunələrlə izah olunub.

Təlimçi, ADNSU Startap və Texnologiya Transfer Ofisinin mütəxəssisi Qədim Qədimov iştirakçılarla məhsulun hazırlanması və prototipləşdirmə mərhələləri ilə bağlı praktiki biliklərini bölüşüb.

İnteraktiv formatda təşkil olunan təlim müzakirələr, real nümunələr və iştirakçıların ideyaları üzərində aparılan analizlərlə davam etdirilib. İştirakçılar təqdim olunan metod və yanaşmalar vasitəsilə öz məhsullarını daha effektiv formada formalaşdırmaq və bazar ehtiyaclarına uyğunlaşdırmaq imkanı əldə ediblər.

Təlimin əsas məqsədi iştirakçılara startapların ilkin mərhələdə düzgün qurulması, məhsulun test edilməsi və istifadəçi yönümlü yanaşmaların tətbiqi ilə bağlı praktiki bilik və bacarıqlar qazandırmaq olub.


Paylaş