×

Xəbərlər

Xəbərlər 24 Jun 2026
ADNSU məzunları üçün keçirilən “Məzun Günü 2026” xoş anlarla yadda qalıb

İyunun 23-də Bakı Kristal Zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü 2026” tədbiri keçirilib. Universitetin məzunları, tələbələri, professor-müəllim heyəti, dövlət rəsmiləri və tərəfdaş qurumların nümayəndələrinin iştirak etdiyi tədbir məzunların ali təhsil həyatına yekun vuraraq yeni mərhələyə qədəm qoymalarına həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov açılış nitqi ilə çıxış edərək universitetin inkişaf istiqamətlərindən, müasir təhsil sisteminin qurulması istiqamətində həyata keçirilən yeniliklərdən, eləcə də ADNSU-nun beynəlxalq reytinqlərdə yüksələn dinamika ilə əldə etdiyi uğurlardan danışıb. Rektor çıxışı zamanı universitet tələbələrinin qazandıqları nailiyyətlərdən və məzunların ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrdən də bəhs edib. O bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrində, istehsalat müəssisələrində, eləcə də ölkənin neft-qaz sektorunda əvvəlki illərdə olduğu kimi, bu gün də ADNSU məzunlarına yüksək tələbat mövcuddur. Rektor qeyd edib ki, məzunların işlə təmin olunma göstəricisi 96 faiz təşkil edir. Sonda o, məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq ADNSU-nun adını daim yüksəklərdə saxlayacaqlarına inandığını bildirib.

Daha sonra 2025/2026-cı tədris ilinin əsas nailiyyətlərini əks etdirən qısa videoçarx nümayiş olunub. Videoçarxda universitetin tədris, elm, innovasiya, beynəlxalq əməkdaşlıq və tələbə həyatı ilə bağlı mühüm məqamlar təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək gənclərin inkişafında ali təhsilin əhəmiyyətindən danışıb, məzunların əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına yönəltmələrinin vacibliyini vurğulayıb. Nazir məzun olmaları münasibəti ilə gəncləri təbrik edərək onlara uğurlar arzu edib. 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında ölkədə həyata keçirilən təhsil islahatlarından, universitetlərin qarşısında duran yeni vəzifələrdən və gənc mütəxəssislərin əmək bazarındakı rolundan bəhs edib. O, məzunlara gələcək karyeralarında uğurlar arzulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında gənclərin ölkənin inkişafında mühüm rol oynadıqlarını qeyd edib və məzunları təbrik edib.

BP şirkətinin Xəzər regionu üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə universitet–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, ADNSU məzunlarının enerji sektorunda uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Rəsmi hissədə müxtəlif sahələrdə fərqlənən tələbələr mükafatlandırılıb, ənənəvi “İlin məzunu estafeti” təqdim olunub. Həmçinin, 2025/2026-cı tədris ilində ən yüksək qiymət ortalaması ilə fərqlənən üç məzuna – Murad Bağırzadə, Taisiya Kudryavtseva və Nigar Əzimovaya xüsusi hədiyyələr təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. ADNSU-nun “Gənclik” Mahnı və Rəqs Ansamblının təqdim etdiyi “Məhsul” rəqsi, UFAZ-ın özfəaliyyət qrupunun musiqi nömrələri və ADNSU-nun əcnəbi tələbələri tərəfindən səsləndirilən “Azərbaycana gəlsin!” adlı şeir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Məzun Günü 2026”nın musiqili qonaqları Xalq artisti Miri Yusif və müğənni Murad Arif olub. Onların ifaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

 


Paylaş