Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu “Times Higher Education” təşkilatının açıqladığı “THE Sustainability Impact Ratings 2026” reytinqində əhəmiyyətli uğura imza atıb. Universitet ötən illə müqayisədə mövqeyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıraraq ümumi reytinqdə 1501+ diapazonundan 601–800 diapazonuna yüksəlib.
2026-cı il reytinqində dünyanın 1600-dən çox ali təhsil müəssisəsi qiymətləndirilib. ADNSU Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə yüksək nəticələr nümayiş etdirib. Universitet xüsusilə Gender bərabərliyi (DİM 5) üzrə dünyada 47-ci, Davamlı şəhərlər və icmalar (DİM 11) üzrə 88-ci, Aclığa son (DİM 2) üzrə 92-ci, Yoxsulluğa son (DİM 1) üzrə isə 94-cü mövqedə qərarlaşıb.
Bundan əlavə, ADNSU Keyfiyyətli təhsil (DİM 4) və İqlim fəaliyyəti (DİM 13) istiqamətləri üzrə 201–300, Təmiz su və sanitariya (DİM 6), Sərfəli və təmiz enerji (DİM 7), Layiqli əmək və iqtisadi artım (DİM 8), Sənaye, innovasiya və infrastruktur (DİM 9), Bərabərsizliyin azaldılması (DİM 10), Məsuliyyətli istehlak və istehsal (DİM 12) və Su altındakı həyat (DİM 14) istiqamətləri üzrə isə 101–200 diapazonunda yer alıb.
Reytinq nəticələrinə əsasən, ADNSU bir sıra Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan universitetləri arasında lider mövqedədir. Universitet Aclığa son (DİM 2), Təmiz su və sanitariya (DİM 6), Layiqli əmək və iqtisadi artım (DİM 8), Sənaye, innovasiya və infrastruktur (DİM 9), Davamlı şəhərlər və icmalar (DİM 11) və Su altındakı həyat (DİM 14) istiqamətləri üzrə ölkə üzrə ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.
ADNSU-nun bu reytinqdə yüksək mövqelər əldə etməsi universitetdə dayanıqlı inkişaf prinsiplərinin tədris, tədqiqat, idarəetmə və sosial məsuliyyət fəaliyyətlərinə inteqrasiya olunduğunu nümayiş etdirir. Xüsusilə gender bərabərliyi, sənaye və innovasiya yönümlü fəaliyyətlər, inklüziv təhsil mühitinin formalaşdırılması, ekoloji məsuliyyətin təşviqi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi universitetin qlobal reytinq göstəricilərinə müsbət təsir göstərib.
Bu nailiyyət ADNSU-nun beynəlxalq ali təhsil məkanında nüfuzunun daha da güclənməsinə, dayanıqlı inkişaf sahəsində institusional fəaliyyətinin görünürlüğünün artmasına və yeni strateji əməkdaşlıqlar üçün imkanların genişlənməsinə mühüm töhfə verir. Universitetin əldə etdiyi nəticə, eyni zamanda, ADNSU-nun yalnız mühəndislik və texniki təhsil sahəsində deyil, həm də sosial, ekoloji və iqtisadi dayanıqlılıq istiqamətlərində fəal mövqe tutduğunu təsdiqləyir.
Qeyd edək ki, “THE Sustainability Impact Ratings” ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu qiymətləndirmə universitetlərin tədris, tədqiqat, institusional idarəetmə, sosial təsir, tərəfdaşlıq və icma ilə əməkdaşlıq sahələrində fəaliyyətlərini əhatə edir. Reytinq universitetlərin qlobal problemlərin həllinə, o cümlədən yoxsulluğun azaldılması, keyfiyyətli təhsilin təmin edilməsi, gender bərabərliyinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, innovasiya və dayanıqlı iqtisadi inkişaf kimi istiqamətlərə verdiyi töhfəni ölçür.
“Times Higher Education” tərəfindən təqdim olunan bu reytinq sistemi dünyanın ali təhsil müəssisələrinin yalnız akademik göstəricilərini deyil, həm də cəmiyyətə, ətraf mühitə və qlobal dayanıqlı inkişaf gündəliyinə real təsirini qiymətləndirməsi baxımından mühüm əhəmiyyət daşıyır.