Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 24–25 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammitində təmsil olunub. Sammitdə ADNSU-nu rektorun reytinqlər üzrə müşaviri, dosent Ülviyyə Abbasova, Reytinqlər şöbəsinin mütəxəssisi Səbinə Rüstəmova təmsil ediblər. O, tədbir çərçivəsində keçirilən müzakirələrdə və işgüzar görüşlərdə iştirak edərək ADNSU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi nəticələr, strateji inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları və universitetin qlobal akademik məkana inteqrasiyası barədə məlumat verib.
Ali təhsilin gələcəyi, beynəlmiləlləşmə, strateji inkişaf, qlobal reytinqlərdə mövqelərin gücləndirilməsi və universitet-sənaye əməkdaşlığı kimi aktual mövzuların müzakirə olunduğu sammit dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, beynəlxalq ekspertləri, qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirib.
Tədbir çərçivəsində “Study in Azerbaijan” brendi altında təşkil olunan Azərbaycan pavilyonunun da rəsmi açılışı olub. Pavilyonda ölkəmizin ali təhsil sistemi, aparıcı universitetləri, beynəlxalq tələbələr üçün yaradılan imkanlar, ali təhsil sahəsində həyata keçirilən təşəbbüslər və Azərbaycanın akademik potensialı beynəlxalq auditoriyaya təqdim edilib.
ADNSU-nun Azərbaycan pavilyonunda təmsil olunması universitetin beynəlxalq görünürlüğünün artırılması, qlobal akademik tərəfdaşlıqların genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və ali təhsil sahəsində beynəlxalq təcrübələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, sammitdə Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir.