×

Xəbərlər

Xəbərlər 25 Jun 2026
ADNSU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və Ordumuzun qazandığı tarixi uğurlardan bəhs edib. O, Silahlı Qüvvələr Gününün xalqımız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq hərbçilərimizi peşə bayramı münasibətilə təbrik edib. 

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yola həsr olunmuş videoçarx nümayiş etdirilib.

ədbirdə çıxış edən Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan və müasir dövrdə qazandığı uğurlardan bəhs edib. O, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Mehman Süleymanov müasir hərbi təhsil sisteminin inkişafından, peşəkar kadr hazırlığının əhəmiyyətindən danışaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin güclü ordunun formalaşmasında mühüm rol oynadığını qeyd edib.

ADNSU-nun Humanitar fənlər kafedrasının dosenti Nərminə Əmirbəyova isə 26 İyun – Silahlı Qüvvələr Gününün tarixi, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində xidmətləri və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə ətraflı məlumat verib.

Tədbirdə ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmləndirilməsində Azərbaycan Ordusunun mühüm rolu qeyd olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və Silahlı Qüvvələrimizin şəxsi heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 


Paylaş