×

Xəbərlər

Xəbərlər 25 Jun 2026
AIDT 2026 konfransının elmi nəticələri “Springer Nature” tərəfindən nəşr olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilmiş “Rəqəmsal transformasiyalar üçün süni intellekt” (AIDT 2026) beynəlxalq elmi konfransının materialları nüfuzlu “Springer Nature” nəşriyyatı tərəfindən dərc olunub.

Açıq giriş formatında təqdim olunan nəşr “Springer”in “Communications in Computer and Information Science” seriyasının 3023-cü cildi kimi işıq üzü görüb“Rəqəmsal transformasiyalar üçün süni intellekt” adlı konfrans materialları toplusu 22–24 iyun 2026-cı il tarixlərində Bakıda, UFAZ-da keçirilmiş AIDT 2026 beynəlxalq elmi konfransının nəticələrini əhatə edir.

Nəşrin redaktorları sırasında ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov, dosent Nigar İsmayılova, dosent Ülviyyə Abdulkərimova, UFAZ-ın proqram rəhbəri, professor Sesilia Zanni-Merk və Strasburq Universitetinin professoru Stefan Jeno yer alıblar.

Konfransa təqdim olunmuş 167 elmi məqalədən 28-i ciddi beynəlxalq rəy prosesindən keçərək nəşrə qəbul edilib. Topluya daxil edilən məqalələr süni intellektin yeni rəqəmsal infrastrukturlarda tətbiqi, süni intellekt əsaslı avtomatlaşdırma və optimallaşdırma, əsas AI modelləri və öyrənmə paradiqmaları, idarəetmə, strategiya, insan–təşkilat qarşılıqlı əlaqəsi, davamlılıq və məsuliyyətli innovasiya kimi aktual istiqamətləri əhatə edir.

Qeyd edək ki, AIDT 2026 konfransı ADNSU, UFAZ, Strasburq Universiteti, INSA Rouen Normandie, “ICube” və LITIS laboratoriyalarının tərəfdaşlığı ilə təşkil olunub. Konfrans çərçivəsində süni intellektin nəzəri əsasları, böyük dil modelləri, generativ süni intellekt, neyro-simvolik sistemlər, rəqəmsal əkizlər, sənaye tətbiqləri və insan-mərkəzli texnologiyalar kimi mövzular müzakirə edilib.

Nəşrin elektron ISBN-i 978-3-032-31319-5, çap versiyasının ISBN-i isə 978-3-032-31318-8-dir.

Keçid: https://link.springer.com/book/9783032313188


Paylaş