×

Xəbərlər

Xəbərlər 29 Jun 2026
ADNSU tələbələri ABB-də təcrübə səfərində olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramlarının tələbələri Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Bankına (ABB) təcrübə səfəri həyata keçiriblər.

Səfərin əsas məqsədi tələbələrin bank sektorunun fəaliyyəti ilə yaxından tanış olması, nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirməsi və peşəkar şəbəkələrini genişləndirməsi olub.

Görüş zamanı ABB nümayəndələri tərəfindən bankın fəaliyyət strukturu, korporativ mühiti və müxtəlif komandaların əsas funksiyaları haqqında ətraflı təqdimatlar keçirilib. Tələbələr üçün Agile idarəetmə sistemi, çevik komanda prinsipləri və müasir iş mühitində süni intellekt alətlərindən səmərəli istifadə mövzularında interaktiv təlimlər təşkil olunub. Təlimlər çərçivəsində gündəlik iş proseslərində tətbiq edilən praktik yanaşmalar və müasir alətlər haqqında ətraflı məlumat verilib.

Bununla yanaşı, tələbələr ABB-də çalışan ADNSU məzunları ilə də tanış olmaq imkanı əldə ediblər. Məzunlar öz peşəkar inkişaf yolları, iş təcrübələri və bank sektorunda qazandıqları bilik və bacarıqlar barədə fikirlərini bölüşərək tələbələrlə səmimi və interaktiv mühitdə fikir mübadiləsi aparıblar.

Ümumilikdə, təcrübə səfəri tələbələrə nəzəri biliklərini praktik mühitdə müşahidə etmək, peşəkarlarla ünsiyyət qurmaq və gələcək karyeraları ilə bağlı dəyərli təcrübə qazanmaq imkanı yaradıb. 


Paylaş