Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025–2026-cı tədris ilinin yaz semestrində mübadilə proqramlarında iştirak etmiş tələbələrlə görüş təşkil olunub.
Görüşün məqsədi mübadilə proqramında iştirak etmiş tələbələrin əldə etdikləri akademik və şəxsi təcrübələri universitetin tələbələri ilə bölüşməsi, gələcəkdə proqramlarda iştirak etmək istəyən gəncləri məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən tələbələr təhsil aldıqları universitetlərdəki akademik mühit, sosial həyat, dərsdənkənar fəaliyyətlər və müxtəlif aktivliklər barədə ətraflı məlumat veriblər. Onlar mübadilə müddətində qazandıqları yeni bilik və bacarıqlardan, qarşılaşdıqları çətinliklərdən, maraqlı təcrübələrdən və əldə etdikləri uğurlardan danışıblar.
Tədbirdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru Nigar Adilova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova və Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva iştirak edərək mübadilə proqramlarının əhəmiyyəti, müraciət prosesi və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat veriblər.
Görüş interaktiv müzakirə şəraitində davam edib. Tələbələr mübadilə proqramları ilə bağlı onları maraqlandıran suallar ünvanlayıb, proqram iştirakçıları isə öz təcrübələrinə əsaslanaraq sualları ətraflı cavablandırıblar.