Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kompüter elmləri və Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrindən (Fuad Nəsirli -komanda rəhbəri), Rəsul Hacılı, Nurcan Quliyeva, Şəms Əsədli, Məhəmməd Qasımov) ibarət AZI Core5 komandası yüksək performanslı hesablamalar (High Performance Computing – HPC) sahəsində dünyanın ən nüfuzlu tələbə yarışlarından biri olan ISC Student Cluster Competition 2026-da iştirak edərək mühüm uğura imza atıb. Komanda yarışda 100 mümkün baldan 60 bal toplayıb.
ADNSU komandası Azərbaycandan və ümumilikdə Cənubi Qafqaz regionundan bu yarışda iştirak edən ilk və yeganə komandadır. Bu iştirak ölkəmizin yüksək HPC və süni intellekt sahəsində beynəlxalq səviyyədə tanınması baxımından mühüm əhəmiyyət daşıyır.
ISC Student Cluster Competition hər il ISC High Performance konfransı çərçivəsində HPC-AI Advisory Council ilə birgə təşkil olunur və dünyanın aparıcı universitetlərindən seçilmiş komandaları bir araya gətirir. Yarışın məqsədi tələbələrə real yüksək performanslı hesablama sistemləri üzərində işləmək, mürəkkəb elmi tətbiqləri optimallaşdırmaq, paralel proqramlaşdırma, süni intellekt və performans analizi sahələrində praktiki bacarıqlar qazandırmaqdır. Yarış iştirakçıları müxtəlif ölkələrdə yerləşən superkompüterlərə məsafədən qoşularaq elmi tətbiqlərin quraşdırılması, optimallaşdırılması, performansının təhlili və nəticələrinin təqdim edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
AZI Core5 komandası yarış çərçivəsində OpenFOAM, ASCOT5, DFTB+, HemeLB və süni intellekt modeli ilə bağlı tapşırıqları uğurla yerinə yetirib. Tələbələr proqramların müxtəlif HPC platformalarında qurulması, CPU və GPU sistemlərində performansın optimallaşdırılması, paralel hesablama, MPI profil analizi, nəticələrin vizuallaşdırılması və süni intellekt modellərinin performansının artırılması istiqamətlərində praktiki işlər həyata keçiriblər.
Bu uğur ADNSU-da HPC və süni intellekt istiqamətinin beynəlxalq səviyyədə inkişaf etdiyini nümayiş etdirir. Komandanın əldə etdiyi nəticə gələcək illərdə Azərbaycanlı tələbələrin bu nüfuzlu beynəlxalq yarışda daha geniş təmsil olunması üçün mühüm zəmin yaradır.