İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Openwave” Açıq İnnovasiya Hakatonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.
İştirakçılar onlara təqdim olunan aktual mövzular üzrə layihələr hazırlayaraq real ictimai problemlərin həllinə yönəlmiş, aidiyyəti dövlət qurumlarının fəaliyyətini daha səmərəli təşkil etməyə imkan verən innovativ mexanizmlər irəli sürüblər.
“Openwave” hakatonu gənclərin texnologiya və sahibkarlıq sahəsində bacarıqlarının inkişaf etdirilməsi, eləcə də dövlət qurumları ilə gənc innovatorlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub. Tədbir dövlət qurumlarında innovasiya mühitinin inkişafına, həmçinin bu prosesdə startapların və fərdi istedadların potensialından birgə istifadənin təşviqinə xidmət edib.
Layihələr əsasən ərazi idarəetməsində hesabatlılığın rəqəmsallaşdırılması, vətəndaşlarla operativ ünsiyyət mexanizmlərinin təkmilləşdirilməsi və infrastruktur problemlərinin avtomatlaşdırılmış qeydiyyatı kimi prioritet istiqamətləri əhatə edib.
Növbəti mərhələdə komandalar hazırladıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Yekunda ümumi mükafat fondu 10 000 AZN olan müsabiqənin qalibləri müəyyənləşdirilib.
I yerə 5 000 AZN mükafatla “Digi Solution” komandası layiq görülüb. Qeyd edək ki, I yerin komandasının tərkibində digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı, ADNSU tələbələri də yer alıblar.
II yeri 3 000 AZN mükafatla UFAZ-ın “ExaMinds” komandası tutub.
III yerə isə 2 000 AZN mükafatla ADNSU tələbələrindən ibarət “Conflict” komandası layiq görülüb. Komandanın üzvləri Fatimə Nağızadə, Kamal Paşayev, Aytac Məhərrəmova, Mədinə Cəfərova və Hüseyn Əzimzadədir.
Qeyd edək ki, layihələr ideyanın aktuallığı, texniki icra səviyyəsi, innovativ yanaşma və istifadəçi təcrübəsi meyarları əsasında qiymətləndirilib.