Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova 9–10 iyul 2026-cı il tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən “QS Africa Forum 2026” çərçivəsində təşkil olunan panel sessiyada çıxış edib.
“Dayanıqlı ali təhsil: inkişafın iqlim və sosial təsirlə uzlaşdırılması” mövzusuna həsr olunan panel sessiyada ali təhsil müəssisələrinin inkişaf prosesində iqlim çağırışları, sosial məsuliyyət, dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq və universitetlərin cəmiyyətə təsiri kimi mühüm məsələlər müzakirə olunub.
Paneldə QS Quacquarelli Symonds-un Qiymətləndirmə və analitika üzrə vitse-prezidenti Li Kamolins moderator qismində iştirak edib. Spikerlər sırasında Nigeriyanın İlorin Universitetinin vitse-kansleri professor Vahab Olasupo Eqbevole, Nigeriya Universitetinin vitse-kansleri professor Simon Uçenna Ortuanya və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova yer alıblar.
Çıxışı zamanı Ülviyyə Abbasova ali təhsil müəssisələrinin dayanıqlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, universitetlər təkcə gələcəyin mütəxəssislərini yetişdirən akademik qurumlar deyil, həm də iqlim dəyişikliyi, enerji keçidi, sosial məsuliyyət, innovasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışların həllinə töhfə verən əsas institutlardır.
Ülviyyə Abbasova ADNSU-nun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərdən bəhs edərək universitetdə dayanıqlılığın təhsil, tədqiqat, beynəlxalq əməkdaşlıq, sənaye tərəfdaşlığı və ictimai təşəbbüslər səviyyəsində dəstəkləndiyini bildirib. O, ADNSU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təşəbbüslər, ekoloji maarifləndirmə tədbirləri, “GreenTech” müsabiqələri, innovasiya proqramları və sənaye ilə əməkdaşlıq layihələri vasitəsilə dayanıqlı inkişaf gündəliyinə töhfə verdiyini diqqətə çatdırıb.
Çıxışda ADNSU-nun beynəlxalq tərəfdaşlıqları da xüsusi vurğulanıb. Ülviyyə Abbasova Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən Bərpa olunan enerji mənbələri üzrə birgə magistr proqramını, eləcə də Strasburq Universiteti ilə birgə UFAZ layihəsini fəaliyyətini dayanıqlı inkişaf, enerji, mühəndislik, tədqiqat və innovasiya sahələrində uğurlu beynəlxalq əməkdaşlıq nümunələri kimi təqdim edib.