×

Xəbərlər

Xəbərlər 10 Jul 2026
Azərbaycandan təkcə ADNSU-nun iştirak etdiyi QS Africa Forumu yekunlaşıb

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində 9–10 iyul tarixlərində keçirilən “QS Africa Forum 2026” başa çatıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti forumda Azərbaycanı təmsil edən yeganə universitet kimi iştirak edib.

Tədbirdə ADNSU-nu rektorun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova, İctimai əlaqələr və marketinq şöbəsinin rəhbəri Xülya Sabirli və Reytinqlər şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil ediblər.

Forumun ikinci və yekun günündə ali təhsilin qlobal inkişaf trendləri, beynəlxalq reytinqlər, dayanıqlı inkişaf, universitetlərin sosial təsiri, tədqiqat və innovasiya imkanları, eləcə də universitetlərarası əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr davam etdirilib. ADNSU nümayəndə heyəti tədbir çərçivəsində müxtəlif ölkələrdən olan universitet və təşkilat nümayəndələri ilə görüşlər keçirib, universitetin təhsil proqramları, beynəlxalq əlaqələri, tədqiqat imkanları və qlobal reytinqlərdə əldə etdiyi nəticələr barədə məlumat verib.

Tədbir zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə “QS World University Rankings 2026” reytinqində 711–720-ci yer aralığında qərarlaşması ilə bağlı sertifikat təqdim olunub. 

Qeyd edək ki, “QS Africa Forum 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini, sənaye nümayəndələrini və qərarverici şəxsləri bir araya gətirərək ali təhsilin gələcəyi, qlobal əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.


Paylaş