×

Xəbərlər

Xəbərlər 10 Jul 2026
ADNSU nümayəndə heyəti “QS Africa Forum 2026” çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti 9–10 iyul tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən “QS Africa Forum 2026” çərçivəsində bir sıra universitet və təşkilat nümayəndələri ilə görüşlər keçirib.

Tədbir müddətində ADNSU nümayəndə heyəti QS “Quacquarelli Symonds”-un rəsmiləri, tərəfdaş universitetlər, eləcə də potensial əməkdaşlıq imkanları olan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal reytinqlərdə mövqeyinin gücləndirilməsi, tələbə və akademik heyət mübadiləsi, birgə tədqiqat layihələri, innovasiya təşəbbüsləri və dayanıqlı inkişaf istiqamətində mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşlər çərçivəsində QS Quacquarelli Symonds-un nümayəndələri Qiymətləndirmə və analitika üzrə vitse-prezident Li Kamolins və Strateji və beynəlxalq əlaqələr üzrə vitse-prezident Dr. Aşvin Fernandes ilə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ADNSU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi nəticələr, universitetin strateji inkişaf istiqamətləri, reytinq göstəricilərinin təkmilləşdirilməsi, beynəlxalq görünürlüğün artırılması və qlobal ali təhsil məkanında mövqelərin daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Forum çərçivəsində ADNSU nümayəndələri tərəfdaş universitetlərin rəhbər şəxsləri ilə də görüşlər keçiriblər. Abu-Dabi Universitetinin rektoru Prof. Qəssan Auad, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin vitse-kansleri Prof. Əhməd Əli Əl-Rəisi və Əl-Ayn Universitetinin vitse-prezidenti Prof. Nazih Xəddac Mallat ilə keçirilən görüşlərdə mövcud əlaqələrin inkişaf etdirilməsi, akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə proqramlar, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, ADNSU nümayəndə heyəti müxtəlif ölkələrdən olan ali təhsil müəssisələrinin nümayəndələri ilə də görüşərək potensial əməkdaşlıq imkanlarını dəyərləndirib. Haramaya Universitetinin dosenti Dr. Muluken Gezahen Vordofa, İlorin Universitetinin vitse-kansleri Prof. Vahab Olasupo Eqbevole, Dar əs-Salam Universitetinin tədqiqat üzrə prorektoru Prof. Nelson Boniface, Şimali Sumatra Universitetinin dekanı Dr. Umi Salmah və King Fahd Neft və Minerallar Universitetinin İnstitusional planlaşdırma və analitika ofisinin direktoru Dr. Sadiq Said Mohammed ilə keçirilən görüşlərdə universitetlərarası əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, beynəlxalq proqramlarda iştirak, dayanıqlı inkişaf, enerji, mühəndislik, innovasiya, institusional planlaşdırma, reytinq və analitika sahələrində təcrübə mübadiləsi kimi istiqamətlər ön plana çıxıb. Həmçinin universitetlər arasında qarşılıqlı əlaqələrin qurulması, gələcək əməkdaşlıq formatlarının müəyyənləşdirilməsi və mümkün birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb.

ADNSU nümayəndə heyəti görüşlər zamanı universitetin təhsil proqramları, beynəlxalq tərəfdaşlıqları, tədqiqat potensialı, sənaye ilə əməkdaşlıq təcrübəsi, UFAZ layihəsi, Vorvik Universiteti ilə birgə Bərpa olunan enerji mənbələri üzrə magistr proqramı, eləcə də qlobal reytinqlərdə əldə etdiyi nəticələr barədə məlumat verib.

Qeyd edək ki, “QS Africa Forum 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini, sənaye nümayəndələrini və qərarverici şəxsləri bir araya gətirərək ali təhsilin gələcəyi, beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf, tədqiqat, innovasiya və universitetlərin qlobal reytinqlərdə inkişafı istiqamətində mühüm müzakirələr üçün platforma rolunu oynayıb.


Paylaş