2025–2026-cı tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində istehsalat təcrübəsinin daha səmərəli təşkili, tələbələrin ixtisaslarına uyğun müəssisələrdə praktik bacarıqlar qazanması və əmək bazarı ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
Cari tədris ilində universitetin 7 fakültəsi (Qaz-neft-mədən fakültəsi, Neft-mexanika fakültəsi, Energetika fakültəsi, Kimya-texnologiya fakültəsi, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi, Geoloji-kəşfiyyat fakültəsi və İqtisadiyyat və menecment fakültəsi) həmçinin, BA proqramları və SABAH qrupları üzrə ümumilikdə 3653 tələbə istehsalat təcrübəsinə göndərilib. Təcrübə prosesi 16 fevral 2026-cı il tarixindən etibarən mərhələli şəkildə təşkil olunub.
İstehsalat təcrübəsinə cəlb olunan tələbələrin 3525 nəfərini əyani şöbənin IV kurs tələbələri, Geoloji-kəşfiyyat fakültəsi üzrə isə II və III kurs tələbələri təşkil edib. Bundan əlavə, qiyabi şöbənin V kurs və normativ təhsil müddətindən artıq təhsil alan 128 tələbəsi də istehsalat təcrübəsində iştirak edib.
2025-2026-cı tədris ilində 550-dən çox müəssisədə tələbələrin istehsalat təcrübəsi təşkil olunub, mövcud tərəfdaşlarla əməkdaşlıq davam etdirilib və müqavilələr yenilənib. Əvvəlki tədris ili ilə müqayisədə əməkdaşlıq edilən müəssisələrin sayının 200-dən çox artması ADNSU-nun sənaye, istehsalat və xidmət sektorları ilə əlaqələrinin daha da genişləndiyini göstərir.
Təcrübələrin təşkilində diqqətçəkən yeniliklərdən biri də tələbələrin regionlarda və ölkə xaricində yerləşən müəssisələrdə də istehsalat təcrübəsinə cəlb olunmasıdır. Bu yanaşma tələbələrin müxtəlif istehsalat mühitləri ilə tanış olmasına, peşə bacarıqlarının real iş şəraitində formalaşmasına və əmək bazarına daha hazırlıqlı çıxmasına imkan yaradıb.
İstehsalat təcrübəsini keçmiş təhsilalanlar və müəssisələr arasında aparılmış sorğuların nəticələrinə əsasən, istehsalat təcrübəsində iştirak edən tələbələrdən 50-ə yaxını təcrübə keçdiyi müəssisələr tərəfindən işə dəvət olunub. Bununla yanaşı, bir sıra tələbələr təcrübə müddətində nümayiş etdirdikləri nəticələrə görə müəssisələr tərəfindən təqaüd, mükafat və sertifikatlarla təltif ediliblər.
Qeyd olunan göstəricilər ADNSU-da istehsalat təcrübəsinin təşkili sahəsində sistemli yanaşmanın gücləndirildiyini, müəssisələrlə əməkdaşlığın daha praktik nəticələr verdiyini və tələbələrin peşə hazırlığının əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirildiyini göstərir.