×

Xəbərlər

Xəbərlər 13 Jul 2026
ADNSU-nun əcnəbi tələbələri “İƏT Gənclərinin yay düşərgəsi – 2026”da fəal iştirak ediblər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) tərəfdaşlığı ilə Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” keçirilib.

Düşərgədə İƏT-ə üzv ölkələrdən Azərbaycanda təhsil alan tələbələr və yerli gənclər olmaqla ümumilikdə 60 nəfər iştirak edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan bir neçə əcnəbi tələbə də düşərgəyə qatılaraq tədbirlərdə fəal iştirak ediblər.

Bu kimi tədbirlər müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirir, uzunmüddətli dostluqların qurulmasına şərait yaradır, qarşılıqlı anlaşmanı möhkəmləndirir və mədəniyyətlərarası dialoqu, eləcə də mənalı mədəni mübadiləni təşviq edir.

Düşərgə çərçivəsində Azərbaycan Respublikası Təhsil Fondunun nümayəndəsi Nurlan Mollayevin rəhbərliyi ilə “Şəbəkələşmə” sessiyası, “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın baş katibi Momina Mehdinin moderatorluğu ilə isə “Yaradıcı sessiya” təşkil olunub. İƏGF Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin məqsədləri, proqramı və strukturu barədə iştirakçılara ətraflı məlumat verib.

Bununla yanaşı, düşərgə iştirakçıları üçün “3 Söz çağırışı” ideatonu keçirilib. Azərbaycan Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayev isə “Rəqəmsal bacarıqlar və süni intellekt” mövzusunda təlim keçərək müasir texnologiyalar, innovativ düşüncə və süni intellektin tətbiq sahələri barədə iştirakçılarla fikir mübadiləsi aparıb.


Paylaş