Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kompozit materialların texnologiyası” ixtisası üzrə doktorantı Gülcənnət Məmmədova Böyük Britaniyanın Birmingem Universitetində keçirilən Böyük Britaniya Biomateriallar Cəmiyyətinin konfransında iştirak edib.
Konfrans çərçivəsində Gülcənnət Məmmədova “Dərman çatdırılması üçün Carbopol/poli(vinil spirti) qarışıqları və kompleksləri” mövzusunda tədqiqat işini poster təqdimatı formatında iştirakçılara təqdim edib. Tədqiqat işi dərmanların orqanizmə çatdırılması üçün potensial polimer əsaslı sistemlərin hazırlanması və xarakterizə edilməsinə həsr olunub. Araşdırma çərçivəsində Carbopol və polivinil spirti əsasında hazırlanmış qarışıqların və komplekslərin xüsusiyyətləri öyrənilib, onların dərman çatdırılması sahəsində mümkün tətbiq imkanları nəzərdən keçirilib.
Konfrans biomateriallar və dərman çatdırılması sahəsində çalışan alim və tədqiqatçılar arasında elmi bilik və təcrübə mübadiləsinə, yeni tədqiqat ideyalarının müzakirəsinə və beynəlxalq əlaqələrin qurulmasına imkan yaradıb.