×

Xəbərlər

Xəbərlər 15 Jul 2026
ADNSU-da Elmi Şuranın iclasında illik fəaliyyətin yekunları və yeni tədris ili üzrə prioritetlər müzakirə olunub

İyulun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra rektor, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən toplantıda universitetin illik fəaliyyətinin nəticələri, tədris prosesinin yekunları, elmi fəaliyyətin təşkili və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritet istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.

Gündəliyin ilk məsələsi üzrə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin illik fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabatda son bir il ərzində tədris, elm, beynəlxalq əməkdaşlıq, infrastrukturun inkişafı və idarəetmə sahəsində görülən işlər barədə məlumat verilib, həmçinin qarşıdakı dövr üçün əsas hədəf və prioritet istiqamətlər diqqətə çatdırılıb.

Daha sonra tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov 2025-2026-cı tədris ili üzrə yerinə yetirilmiş akademik dərs yükü barədə hesabat təqdim edib. Çıxış zamanı fakültələr və kafedralar üzrə dərs yükünün icra vəziyyəti təhlil olunub, mövcud nəticələr və tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Növbəti məsələ üzrə Rza Məmmədov 2025–2026-cı tədris ili ərzində təşkil olunmuş istehsalat təcrübəsinin nəticələri və bu istiqamətdə qarşıda duran vəzifələr barədə danışıb. Təqdimatda tələbələrin istehsalat müəssisələrində qazandıqları praktiki bilik və bacarıqlar, əmək bazarının tələblərinə uyğun hazırlığın gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

İclasda həmçinin 2025–2026-cı tədris ilinin yaz imtahan sessiyasının yekunları nəzərdən keçirilib. Tədris məsələləri üzrə prorektor sessiyanın nəticələri, tələbələrin akademik göstəriciləri və növbəti tədris ilində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçiriləcək tədbirlər barədə məlumat təqdim edib.

Gündəlikdə yer alan digər məsələ ilə bağlı 2026–2027-ci tədris ilinin akademik təqvimi müzakirə olunaraq Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb. Təqvimdə yeni tədris ilinin əsas mərhələləri, tədris və imtahan dövrləri, eləcə də akademik fəaliyyətin təşkili ilə bağlı nəzərdə tutulan müddətlər əks olunub.

Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov UFAZ xətti ilə Fransada, ADNSU xətti ilə Dövlət Proqramı çərçivəsində təhsil almış şəxslərin, eləcə də QS və THE Dünya Universitetləri Reytinqlərində ilk 200-lükdə yer alan ali təhsil müəssisələrinin doktorantura məzunlarının ADNSU-da fəaliyyətə cəlb olunması zamanı onlara ayrılacaq dərs yükü ilə bağlı təqdimat edib. Məruzədə yüksək ixtisaslı elmi-pedaqoji kadrların universitetə cəlb olunmasının əhəmiyyəti və bu istiqamətdə tətbiq ediləcək yanaşmalar barədə məlumat verilib.

İclasda gündəliyə uyğun olaraq Maliyyə və təsərrüfat məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, Maliyyə və Təminat Departamentinin direktoru, baş mühasib Seymur Nəcəfov universitetin maliyyə-təsərrüfat fəaliyyətinin cari vəziyyəti və həyata keçirilən işlər barədə hesabat təqdim edib.

Gündəliyin sonuncu məsələsi üzrə Elmi katib, dosent İnqlab Əliyev “Neft-mexanika” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nanomateriallar və nanotexnologiyalar” elmi tədqiqat laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elnur Oruclunun müəllifi olduğu “Tetradimitəbənzər laylı quruluşlu telluridlər əsasında topoloji izolyator fazaları” adlı monoqrafiya barədə məlumat verib. Nəşrin elmi əhəmiyyəti və universitetin tədqiqat fəaliyyətinə verəcəyi töhfələr diqqətə çatdırılıb.

İclasın sonunda gündəlikdə yer alan bütün məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Rektor Rüfət Əzizov qəbul olunmuş qərarların icrasının təmin edilməsi ilə bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verib, qarşıdakı dövrdə universitetin strateji inkişaf hədəflərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.


Paylaş