×

Xəbərlər

Xəbərlər 16 Jul 2026
ADNSU tələbələri Berlin Texniki Universitetində akademik təcrübə səfərindədir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Yessenov Universiteti ilə həyata keçirdiyi mübadilə proqramında iştirak edən beş tələbəsi Almaniyanın Berlin Texniki Universitetinə bir həftəlik akademik təcrübə səfərinə yollanıb.

Səfər “Mərkəzi Asiya Yaşıl Hidrogen Hakatonu”nda qalib olmuş tələbələr üçün təşkil edilib. Akademik təcrübə proqramında ADNSU-nun Kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Fərid Mirzəzadə və Anar Qədirli, İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Murad Məmmədov, İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Mehparə Heydərova və İnşaat mühəndisliyi ixtisasının III kurs tələbəsi Elnur Vəlizadə iştirak edirlər.

Hazırda tələbələr səfər çərçivəsində Berlin Texniki Universitetinin müasir laboratoriyaları, elmi-tədqiqat infrastrukturu və tədris-təcrübə imkanları ilə yaxından tanış olurlar. Proqram müddətində onlar müxtəlif akademik görüşlərdə, praktiki məşğələlərdə və elmi fəaliyyətlərdə iştirak edirlər.

Akademik təcrübə səfəri tələbələrin yaşıl enerji, mühəndislik və müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının genişləndirilməsinə, eləcə də beynəlxalq akademik mühitlə tanış olmalarına imkan yaradır.


Paylaş