Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dünya Universitetləri Reytinqi”nin 2026-cı il üzrə nəticələrinin açıqlanması və mükafatlandırma mərasimi çərçivəsində “Ekoloji Sinergiyalar” Beynəlxalq Elmi Konfransı: Tullantıların dəyərləndirilməsi, su ehtiyatlarının dayanıqlı idarə edilməsi və enerji səmərəliliyi (ECO-SYNERGY 2026) adlı beynəlxalq elmi konfrans təşkil olunacaq.
Konfrans tullantıların səmərəli idarə olunması və dövri iqtisadiyyat, su ehtiyatlarının dayanıqlı idarə edilməsi, eləcə də bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində elmi biliklərin, innovativ ideyaların və qabaqcıl təcrübələrin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayacaq.
Tədbirin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları, sənaye nümayəndələrini, siyasətçiləri və gənc tədqiqatçıları bir araya gətirərək müasir ekoloji çağırışların həlli istiqamətində multidissiplinar əməkdaşlığı təşviq etmək və dayanıqlı həllərin hazırlanmasına töhfə verməkdir.
Konfransın elmi proqramına plenar və paralel sessiyalar daxil olacaq. İştirakçılar öz tədqiqat nəticələrini təqdim etmək, təcrübə mübadiləsi aparmaq və dayanıqlı inkişaf sahəsində yeni tendensiyalar və ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
ECO-SYNERGY 2026 konfransı aşağıdakı istiqamətləri əhatə edəcək:
• Dayanıqlı tullantıların dəyərləndirilməsi və dövri iqtisadiyyat;
• Su ehtiyatlarının idarə olunması, təmizlənməsi və dayanıqlılığı;
• Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə innovasiyalar.
Konfransda təqdim edilən elmi məqalələr ikiqat kor rəy (double-blind peer review) prosesindən keçəcək və qəbul edilən məqalələrin Scopus bazasında indekslənən elmi jurnallarda dərc olunması nəzərdə tutulur.
Qeyd edək ki, məqalələrin təqdim olunması üçün son tarix 10 avqust 2026-cı il, qəbul nəticələrinin elan olunması isə 25 avqust 2026-cı il tarixidir. Konfrans 23 sentyabr 2026-cı ildə keçiriləcək. Tədbir əsasən əyani formatda təşkil ediləcək, beynəlxalq iştirakçılar üçün isə onlayn iştirak imkanı yaradılacaq.
Müraciət etmək üçün keçid: https://asoiu.edu.az/greenMetric/conference_session