×

Xəbərlər

Xəbərlər 08 Feb 2018
ADNSU-da məktəblilər üçün ekskursiya təşkil olunub

Fevralın 8-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbinin 9-11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlər əvvəlcə ADNSU-nun tarixi muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və Azərbaycanın neft tarixi haqqında ətraflı məlumat verib.

Daha sonra Heydər Əliyev lektoriyası ilə tanış olan şagirdlərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi haqqında məlumat verilib.

Şagirdlər daha sonra universitetdə zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyini ziyarət edib, muzeydə qorunub saxlanılan müxtəlif növ mineral eksponatlarla tanış olublar. Muzeyin direktoru, “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının dosenti Ağamehdi Ağayev orta məktəb şagirdlərinə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.

Sonda şagirdlər “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasının laboratoriyasında olublar.


Paylaş