Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-qaz mühəndisliyi” kafedrasının məsləhətçi professoru Qafar İsmayılov, “Kimya” kafedrasının professoru Mehparə Adıgözəlova və SABAH Mərkəzinin Neft-qaz və Kimya mühəndisliyi üzrə proqram rəhbəri, texnika üzrə fəlsəfə doktoru Elnur Əlizadənin həmmüəllifi olduqları elmi məqalə yüksək impakt faktorlu, «Q1» kvartilinə daxil olan “Energies” jurnalında çap olunub.
Məqalədə neft hasilatı zamanı yaranan neft-su emulsiyalarının özlülüyünün sulaşma dərəcəsindən asılı olaraq dəyişməsi tədqiq edilib. Tədqiqat çərçivəsində müxtəlif sulaşma dərəcələrinə malik emulsiyaların reoloji xüsusiyyətləri laboratoriya şəraitində ətraflı araşdırılıb, sulaşma dərəcəsinin emulsiyanın axın xüsusiyyətlərinə və özlülüyünə təsiri qiymətləndirilib. Əldə olunan eksperimental nəticələr əsasında neft emulsiyalarının özlülüyünü müxtəlif sulaşma şəraitində proqnozlaşdırmağa imkan verən yeni riyazi model işlənib hazırlanıb.
Qeyd edək ki, tədqiqat beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilərək neft-su emulsiyalarının reoloji xüsusiyyətlərinin daha dəqiq qiymətləndirilməsinə yönəlib. Əldə olunan nəticələr neftin hasilatı, yığılması, nəqli və ilkin emalı proseslərində hidravlik hesablamaların dəqiqləşdirilməsi, texnoloji rejimlərin optimallaşdırılması və enerji səmərəliliyinin artırılması baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır.
Məqalə ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://doi.org/10.3390/en19163823