×

Xəbərlər

Xəbərlər 05 Oct 2026
ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verilib

Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində müəllimlik peşəsinə həsr olunmuş film nümayiş etdirilib. Filmdə müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu, pedaqoji fəaliyyətin əhəmiyyəti, eləcə də Ümummilli Lider Heydər Əliyevin müəllimlik peşəsi və müəllim əməyinə dair fikirlərindən bəhs olunub. Film iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, dosent Rüfət Əzizov müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Rektor çıxışında müəllimlik peşəsinin cəmiyyətin formalaşmasında və gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, müəllimlərin pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də mühüm işlər həyata keçirdiyini qeyd edib.

Rektor Rüfət Əzizov çıxışında Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi fikirlərə və təhsillə bağlı mesajlara istinad edərək müəllimlərin fəaliyyət istiqamətindən bəhs edib. O, universitetdə müəllimlərin fəaliyyətinin yalnız tədrislə məhdudlaşmadığını, onların tələbələrin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərin və milli-mədəni irsin qorunmasında da mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, gənclərin savadlı, sağlam düşüncəli və təhlükəsiz mühitdə yetişdirilməsi istiqamətində universitetin, o cümlədən müəllimlərin üzərinə böyük vəzifələr düşür.

Rektor müəllimlərə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.

Tədbirdə cari tədris ilində əmək fəaliyyətində fərqlənən 20 müəllimə peşə bayramı münasibətilə 3 min manat, universitetin digər müəllimlərinə isə 200 manat məbləğində pul mükafatı verilib.

Təltif mərasimi universitetdə tədris prosesinin və elmi fəaliyyətin inkişafına töhfə verən əməkdaşların əməyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli olub.

Tədbirin sonunda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdim etdiyi rəngarəng musiqi və rəqs proqramı nümayiş etdirilib.


Paylaş