Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Özbəkistana səfər çərçivəsində Daşkənd şəhərində yerləşən VOSIQ Beynəlxalq Məktəbində görüş keçiriblər. Görüşdə ADNSU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli iştirak ediblər.
Məktəbin direktoru Diloram Xəlilova nümayəndə heyətinə təhsil müəssisəsinin fəaliyyəti, tədrisin təşkili və şagirdlər üçün yaradılan imkanlar haqqında məlumat verib.
ADNSU nümayəndələri məktəbliləri universitetin təhsil proqramları, ingilis dilində təhsil imkanları, beynəlxalq əməkdaşlıqları və Bakıda tələbə həyatı ilə tanış ediblər. Təqdimat zamanı əcnəbi tələbələrin qəbulu, ixtisas seçimi və müraciət qaydaları barədə ətraflı məlumat verilib.
Görüş şagirdlərin Azərbaycanda ali təhsil imkanları haqqında məlumatlandırılmasına və gələcək təhsil seçimləri ilə bağlı daha geniş təsəvvür formalaşdırmasına xidmət edib.
Qeyd edək ki, VOSIQ Beynəlxalq Məktəbi məktəbəqədər təhsildən 11-ci sinfə qədər təhsil verən qeyri-dövlət təhsil müəssisəsidir. Məktəbin ibtidai təhsil mərhələsində Beynəlxalq Bakalavriatın İbtidai İllər Proqramı (IB PYP), 5-ci sinifdən etibarən isə Özbəkistanın dövlət tədris proqramı tətbiq olunur.
VOSIQ Beynəlxalq Məktəbi ilə Daşkənd Kimyo Beynəlxalq Universiteti (KIUT) arasında əlaqələr tədris-metodiki əməkdaşlıq və pedaqoji təcrübə istiqamətlərini əhatə edir. Məktəbin təhsil sistemi KIUT və Cənubi Koreyanın Yeoju Texnologiya İnstitutunun aparıcı müəllimlərinin iştirakı ilə hazırlanıb. Universitetin ibtidai və məktəbəqədər təhsil istiqamətləri üzrə tələbələri VOSIQ-də pedaqoji təcrübə keçirlər. Bu əməkdaşlıq gələcək müəllimlərin nəzəri biliklərini məktəb mühitində tətbiq etməsinə və praktik bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır.