Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) alim və tədqiqatçıların qabaqcıl elmi informasiya resursları ilə tanış olmasına istiqamətlənmiş təlim təşkil edilib. “Clarivate Günləri” çərçivəsində keçirilən tədbirdə tədqiqat prosesinin səmərəliliyinin artırılması və rəqəmsal elmi alətlərdən istifadə imkanlarına diqqət yetirilib.
Təlim Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Clarivate şirkətinin birgə reallaşdırdığı “Clarivate Günləri” təşəbbüsü ilə keçirilib.
“Clarivate”in Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və Müştəri Məmnuniyyəti üzrə Menecer Handan İliç təqdimatlarında Web of Science, ProQuest Central və Web of Science Research Intelligence platformalarının funksional imkanlarını nümayiş etdiriblər. İştirakçılara elmi ədəbiyyatın axtarılması, məlumatların təhlili və tədqiqat fəaliyyətinin planlaşdırılması prosesində bu resurslardan səmərəli istifadə yolları izah edilib. Təqdimatlar zamanı süni intellekt əsaslı həllərin tədqiqat prosesinə inteqrasiyasına dair praktiki yanaşmalar da nəzərdən keçirilib.
Təlim ADNSU-nun akademik heyətinin və tədqiqatçılarının beynəlxalq elmi bazalardan istifadə bacarıqlarının inkişaf etdirilməsi, elmi nəticələrin görünürlüyünün artırılması və tədqiqatların təsir imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Canlı müzakirələrlə davam edən təlim zamanı iştirakçıların maraq göstərdikləri suallar cavablandırılıb, platformaların real tədqiqat nümunələri əsasında tətbiqinə dair fikir və təcrübə mübadiləsi aparılıb.