Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Yer elmləri” kafedrasının dosenti Naməd Paşayev, kafedranın baş müəllimləri Səidə İbrahimova və Murad Abdulla-zadənin həmmüəllifi olduqları elmi məqalə Scopus beynəlxalq elmi məlumat bazasına və Q1 kvartilinə daxil olan yüksək reytinqli “Mining of Mineral Deposits” jurnalında dərc olunub.
Azərbaycanın Kiçik Qafqaz regionunda Demirli Cu-Mo porfir sisteminin geoloji quruluşu və metallogenik təkamülü mövzuzunda olan məqalədə Azərbaycanın Kiçik Qafqaz regionunda yerləşən Demirli mis-molibden porfir sisteminin geoloji quruluşu və metallogenik təkamülü araşdırılıb.
Tədqiqat çərçivəsində filizləşməni nəzarətdə saxlayan əsas amillərin müəyyənləşdirilməsi məqsədilə əvvəlki kəşfiyyat işlərinin nəticələri yeni geoloji, qazma və geofiziki məlumatlarla birləşdirilib. Bu məlumatlar əsasında yatağın üçölçülü geoloji modeli hazırlanıb.
Aparılan araşdırmanın nəticələri filizəmələgəlmə prosesində çoxfazalı intruziv fəaliyyətin, tektonik qırılmaların və hidrotermal dəyişmələrin mühüm rol oynadığını göstərib.
Məqalədə, həmçinin 2024-cü ilin dekabr ayına olan üçölçülü model əsasında yatağın resurs potensialı qiymətləndirilib. Belə ki, orta mis miqdarı 0,41 faiz olan 58,35 milyon ton filizləşmiş material müəyyən edilib.
Əldə olunan nəticələr Demirli mis-molibden porfir sisteminin əhəmiyyətli qalıq resurs potensialına malik olduğunu və yataqda əlavə kəşfiyyat işlərinin aparılmasının məqsədəuyğunluğunu göstərir.