×

Xəbərlər

Xəbərlər 04 Nov 2026
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb

Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Məzun-tələbə mentorluq proqramının birinci mərhələsinin yekunlarına həsr olunmuş bağlanış mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov proqramın tələbələrin peşəkar inkişafında, onların əmək bazarına hazırlanmasında və məzunlarla əlaqələrinin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.

Daha sonra mentorlar və tələbələr proqram çərçivəsində qazandıqları təcrübə, əldə etdikləri biliklərlə bağlı təəssüratlarını bölüşüblər. Çıxışlarda mentorluq görüşlərinin tələbələrin karyera istiqamətlərini müəyyənləşdirməsinə və praktiki biliklərini artırmasına verdiyi töhfə qeyd olunub.

Tədbirin sonunda proqramda iştirak edən mentor və mentilərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, proqramın əsas məqsədi tələbələrin və gənc məzunların peşəkar inkişafına dəstək göstərmək, universitet məzunlarının bilik və təcrübələrini tələbələrlə bölüşməsinə şərait yaratmaq, eləcə də onların əmək bazarına hazırlığını gücləndirməkdir.

Üç ay davam edən proqram çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən 31 tələbə və 6 mentor qismində iştirak edərək tələbələrlə peşəkar təcrübələrini bölüşüblər. Həm onlayn, həm də əyani formatda təşkil olunan görüşlərdə karyera planlaşdırılması, peşəkar bacarıqların inkişafı, əmək bazarının tələbləri, işə qəbul prosesi və müsahibəyə hazırlıq kimi mövzular müzakirə olunub.

Proqram iştirakçıları mentorların praktiki tövsiyələrindən faydalanmaq, real iş mühiti və karyera imkanları ilə tanış olmaq, həmçinin peşəkar əlaqələrini genişləndirmək imkanı əldə ediblər.


Paylaş