Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində həyata keçirilən İkili Diplom Proqramı çərçivəsində “Interdisciplinary Research Methods (WM9RB-15)” fənn blokunun 2 noyabr tarixindən etibarən intensiv tədrisinə başlanılıb.
Tədris prosesində iştirak etmək üçün Vorvik Universitetinin WMG departamentinin dosenti Dr. Maryam Masood Azərbaycana səfər edib. Kembric Universitetində PhD, Queen Mary Universitetində magistr təhsili almış Dr. Masoodun akademik fəaliyyətinin əsas istiqamətlərini mühəndislik, ətraf mühitin idarə olunması, materiallar mühəndisliyi və dayanıqlı inkişaf təşkil edir.
30 saatlıq intensiv tədris proqramı tələbələrdə elmi tədqiqat metodologiyası, tədqiqat etikası, məlumatların toplanması və təhlili, eləcə də tədqiqat layihələrinin hazırlanması üzrə bilik və bacarıqların formalaşdırılmasına yönəlib. Fənn bloku mühəndislik və biznes sahələrini əhatə edən fənlərarası yanaşma əsasında tədris olunur.
Qeyd edək ki, ADNSU-Vorvik İkili Diplom Proqramı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi bərpa olunan enerji sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına və ölkəmizin dayanıqlı enerji keçidinə akademik töhfə verməkdir.
Proqram çərçivəsində Vorvik Universitetinin professor-müəllim heyəti tərəfindən fənn bloklarının intensiv tədrisi ADNSU-da təşkil olunur. Bu model tələbələrə ölkədən ayrılmadan beynəlxalq akademik təcrübə qazanmaq imkanı yaradır. Bundan əlavə, tələbələr yay məktəbi çərçivəsində Böyük Britaniyada, Vorvik Universitetində iki fənn blokunu əyani şəkildə mənimsəyirlər. Proqramı uğurla başa vuran məzunlar hər iki universitetin diplomunu əldə edirlər.