×

Xəbərlər

Xəbərlər 05 Nov 2026
ADNSU Kitabxana İnformasiya Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Noyabrın 4-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində xalqımızın şanlı tarixinin ən mühüm hadisələrindən biri olan 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub. 

Sərgidə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda apardığı mübarizəni, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığını, xalqımızın birlik və həmrəyliyini, eləcə də ölkəmizin Zəfər yolunu əks etdirən çoxsaylı dəyərli nəşrlər nümayiş etdirilir.

Ümumilikdə, 100-dən çox adda çap məhsulunun yer aldığı sərginin əsas məqsədi Zəfər tariximizin gənc nəslə daha yaxından tanıdılması, milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ideyalarının təbliği, tələbələrdə Vətənə, dövlətə və milli tariximizə bağlılıq hissinin gücləndirilməsi, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsidir. 

Sərgi Vətən müharibəsi zamanı haqq savaşına qalxan Azərbaycan əsgər və zabitlərinin şücaətini, döyüş meydanında nümayiş etdirdikləri igidliyi, xalqımızın dəmir yumruq ətrafında birləşərək əldə etdiyi tarixi qələbəni əks etdirən kitablar, jurnallar, fotomateriallar və digər çap məhsulları geniş yer alıb. Nümayiş olunan nəşrlər 44 günlük Vətən müharibəsinin gedişi, hərbi əməliyyatların tarixi əhəmiyyəti, Azərbaycanın informasiya müharibəsində qazandığı uğurlar və Zəfərə aparan yol haqqında ətraflı məlumat əldə etməyə imkan yaradır.

          Sərgidə universitet tələbələrinin hazırladıqları vitraj rəsmlərə də xüsusi yer ayrılıb. 

ADNSU-nun Kitabxana İnformasiya Mərkəzində təşkil olunan sərgi tələbə və universitet əməkdaşlarının Azərbaycanın zəngin tarixi, Vətən müharibəsi və Zəfər salnaməsi haqqında biliklərinin artırılmasına, milli yaddaşın qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə vermək məqsədi daşıyır. 


Paylaş