×

Xəbərlər

Xəbərlər 06 Nov 2026
Zəfər bayramı ərəfəsində ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub

Zəfər bayramı ərəfəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış məzunların ailələrini ziyarət ediblər.

Universitetin nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər bölgələrdə şəhidlərimizin ailə üzvlərini ziyarət ediblər, onlarla səmimi söhbətlər edərək Zəfər bayramı münasibətilə təbrik və xoş arzularını çatdırıblar.

Görüşlərdə həmçinin vurğulanıb ki, ADNSU şəhid məzunlarının ailələri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların daim diqqət və qayğı ilə əhatə olunmasına xüsusi önəm verir. Universitetdə qəhrəman məzunların xatirəsinin yaşadılması və adlarının əbədiləşdirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Bu baxımdan, şəhid məzunların adını daşıyan auditoriyalar onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyət daşıyır və tələbələr tərəfindən böyük rəğbətlə qarşılanır.

Ziyarətlər zamanı şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksləri və büstləri önünə gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəman məzunların əziz xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Vətən müharibəsində şəhid olmuş 23 məzunu var. ADNSU kollektivi üçün onların ailələri hər zaman xüsusi dəyərə malikdir. Görüşlərdə şəhid valideynləri universitet tərəfindən onlara göstərilən diqqət və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə edib, övladlarının vaxtilə təhsil aldığı ADNSU-nu və onun kollektivini öz ailələrinin bir parçası hesab etdiklərini bildiriblər.

 


Paylaş