Noyabrın 4-də “iCET” layihəsinin icrası çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) layihənin birinci qrupunun məzunları və növbəti mərhələdə iştirak edəcək tələbələrlə “ATS Food” şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Məzunlar və İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə Kimya Texnologiyaları fakültəsinin əməkdaşları və tələbələri də iştirak ediblər. Görüşdə “ATS Food” şirkətinin Təlim, inkişaf və işə qəbul şöbəsinin müdiri Pərviz Mansurov və Proses və keyfiyyətə nəzarət şöbəsinin müdiri Arzu Mahmudov iştirak ediblər.
Görüş çərçivəsində layihənin birinci qrup məzunlarının proqram müddətində qazandıqları bilik və təcrübə, onların peşəkar inkişaf perspektivləri, eləcə də növbəti mərhələdə iştirak edəcək tələbələr üçün nəzərdə tutulan imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Şirkət nümayəndələri öz peşəkar təcrübələrini tələbələrlə bölüşərək istehsalat prosesləri, keyfiyyətə nəzarət mexanizmləri və sənaye müəssisələrində mövcud karyera imkanları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, sənaye sektorunda müasir istehsal tələbləri və mütəxəssislərdən gözlənilən peşəkar bacarıqlar diqqətə çatdırılıb.
İnteraktiv müzakirələr şəraitində keçən görüş tələbələrin əmək bazarının aktual tələbləri ilə yaxından tanış olmalarına, layihənin birinci qrup məzunlarının əldə etdikləri təcrübəni bölüşmələrinə, eləcə də universitet-sənaye əməkdaşlığının daha da inkişafına şərait yaradıb.
Qeyd edək ki, “iCET” layihəsi tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və onların əmək bazarının tələblərinə uyğun hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.