×

Xəbərlər

Xəbərlər 11 Nov 2026
ADNSU-nun “Farad” komandası “İnnovasiya və startap düşərgəsi” hakatonunda üçüncü yeri qazanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının tələbələrindən ibarət “Farad”  komandası“İnnovasiya və startap düşərgəsi” (“Innovation and Startup Camp”) hakatonunda uğurla çıxış edərək üçüncü yeri tutub və bürünc medal qazanıb.

2026-cı ilin noyabr ayında Qubada Gənclər və İdman Nazirliyi, “Xarıbülbül” Təşkilatı və YUNEX – Gənclərin İnnovasiya Mübadiləsi Proqramının təşkilatçılığı ilə keçirilən hakatonda300 komanda iştirak edib. Final mərhələsinə yüksələn 20 komanda arasında yer alan “Farad” komandası müsabiqəni üçüncü pillədə başa vurub. Komanda, həmçinin Polşada keçiriləcək tam təqaüdlü mübadilə proqramına qəbul olunub.

“Farad” komandası hakaton çərçivəsində maliyyə və bank sistemləri üçün Agentic AI (agent əsaslı süni intellekt) texnologiyasına əsaslanan platforma hazırlayıb. 20 dil dəstəyinə malik sistem istifadəçinin bir cümləlik əmri əsasında platformanın funksiyalarını avtonom şəkildə idarə edir. Bununla yanaşı, təhlükəsizlik baxımından kritik addımların icrası müştərinin təsdiqinə təqdim olunur. Platforma bank sektorunun təhlükəsizlik və etibarlılıq tələbləri nəzərə alınmaqla hazırlanıb.

ADNSU-nu təmsil edən “Farad”  komandasının tərkibində tələbələr - Həsən Dadaşzadə komanda lideri və süni intellekt arxitektoru, Murad Qaramollayev backend və kibertəhlükəsizlik mühəndisi, Azər Vəliyev data scientist, Amal Mirzəyev isə kibertəhlükəsizlik mühəndisi qismində fəaliyyət göstəriblər.

“Farad”   komandasının qazandığı bu uğur ADNSU tələbələrinin innovasiya və süni intellekt sahəsindəki bilik və bacarıqlarının, eləcə də beynəlxalq səviyyəli layihələrdə iştirak potensialının göstəricisidir.


Paylaş