Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Mərakeş Krallığında keçirilən Beynəlxalq təhsil sərgisində ölkəmizi təmsil edən yeganə ali təhsil müəssisəsi olub.
ABŞ, Kanada, Böyük Britaniya, Honq-Konq, Finlandiya, Niderland, Macarıstan və Litva da daxil olmaqla müxtəlif ölkələrin ali təhsil müəssisələrinin iştirak etdiyi sərginin ilk günü noyabrın 6-da Mərakeşin Əl-Cədidə şəhərində keçirilib.
ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilovanın rəhbərliyi ilə nümayəndə heyəti yüzlərlə məktəblinin valideynləri ilə birlikdə qatıldığı sərgidə ziyarətçilərə ADNSU-nun beynəlxalq təhsil proqramları, akademik imkanları və təhsil mühiti haqqında ətraflı məlumat veriblər.
Mərakeşli məktəblilərin və bakalavr təhsili alan gənclərin universitetə marağında Azərbaycanla Mərakeş arasında mədəni yaxınlıq, eləcə də ölkəmizdə mövcud olan təhlükəsiz və müasir təhsil mühiti xüsusi diqqət çəkib.