Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları və doktorantının həmmüəllifi olduğu “Self-Growing Wellbore Casing: A Bioinspired Framework for Sidetracking” (“Öz-özünə formalaşan quyu qoruyucu kəməri: yan lülələrin qazılması üçün biomimetik yanaşma”) adlı elmi məqalə beynəlxalq elmi Energies jurnalında dərc olunub.
Jurnalın 19-cu cildinin 21-ci nömrəsində yayımlanan məqalədə neft-qaz quyularının yan lülələrinin qazılması üçün biomimetik prinsiplərə əsaslanan innovativ texnologiya təklif edilir və onun riyazi əsaslandırılması təqdim olunur.
Tədqiqatda ənənəvi qoruyucu boruların quyuya endirilməsi və sonradan sementlənməsi prosesini aradan qaldıran yeni yanaşma irəli sürülür. Təklif olunan texnologiya 3D-çap üsulu ilə qazma prosesi zamanı baltanın arxasınca fasiləsiz qoruyucu kəmərin formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə yüksək möhkəmliyə malik karbon lifi ilə gücləndirilmiş PEEK kompozit materialından istifadə olunur.
Məqalədə aparılan multifiziki modelləşdirmənin nəticələrinə əsasən, təklif olunan texnologiya bir sıra mühüm texniki üstünlüklərə malikdir. Belə ki, hazırlanmış kompozit qoruyucu kəmər 61,2 MPa-dək əzici təzyiqə davam gətirir və möhkəmlik göstəricilərinə görə API K55 standartlı polad qoruyucu borularla müqayisə edilə bilən nəticə nümayiş etdirir. Eyni zamanda, konstruksiyanın çəkisinin 68,8 faiz azaldılması, hidrogen-sulfid və karbon qazının yaratdığı korroziyaya davamlılıq, eləcə də 180°C-dək temperatur şəraitində işləmə imkanları texnologiyanın əsas üstünlükləri kimi qiymətləndirilir.
Tədqiqatın elmi və praktiki əhəmiyyəti neft-qaz quyularının qazılması zamanı qoruyucu kəmərlərin quraşdırılması prosesinin optimallaşdırılması, material sərfiyyatının azaldılması və mürəkkəb quyu şəraitində daha səmərəli texnoloji həllərin tətbiqi imkanları ilə bağlıdır.
Məqalənin həmmüəllifləri ADNSU-nun Yer elmləri və Neft mühəndisliyi fakültəsinin “Neft-qaz mühəndisliyi” kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Nərgiz Axundova Rövşən qızı, həmin kafedranın dosenti, texnika elmləri namizədi Səməd Rzazadə Əli-İsgəndər oğlu və universitetin doktorantı Qleb Polyakov Dmitriyeviçdir.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.mdpi.com/1996-1073/19/21/5366