×

Xəbərlər

Xəbərlər 12 Nov 2026
ADNSU-da 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya – hüquqi dövlətin əsası” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində universitetin Kitabxana İnformasiya Mərkəzi tərəfindən 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tematik kitab sərgisi də təşkil olunub. Sərgidə Konstitusiya hüququnun yaranma tarixi və inkişaf mərhələləri, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğu və konstitusiya islahatlarının həyata keçirilməsində rolu, həmçinin dövlət atributlarımız, milli müstəqilliyimiz və suverenliyimiz haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş 60-dan çox kitab və dövri mətbuat materialı nümayiş etdirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilova Konstitusiyanın dövlətçilik sistemindəki rolundan, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən və cəmiyyətin inkişafında qanunun aliliyinin əhəmiyyətindən danışıb.

ADNSU rektorunun hüquqi məsələlər üzrə müşaviri Sübhi Kazımov “Konstitusiya – hüquqi dövlətin və insan hüquqlarının təminatı” mövzusunda çıxış edərək Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasında, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində və hüquqi dövlət prinsiplərinin təmin edilməsində rolunu diqqətə çatdırıb. Çıxışında o həmçinin dünyada konstitusiyaların yaranma və inkişaf tarixinə, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması tarixinə toxunaraq ölkəmizdə konstitusiya quruculuğunun əsas mərhələləri, Konstitusiyanın dövlətçilik tariximizdəki yeri və əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib

Daha sonra Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq Konstitusiyanın mahiyyətinin, hüquq və vəzifələrin gənclər arasında təbliğinin hüquqi düşüncənin formalaşmasına töhfə verdiyini qeyd edib.


Paylaş