Noyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Mərakeş Krallığının Moulay İsmayıl Universiteti arasında əməkdaşlıq görüşü keçirilib. Mərakeşin Meknes şəhərində baş tutan görüşdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nazim Səmədov ADNSU nümayəndə heyətini müşayiət edib.
ADNSU-nu görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova və Əcnəbi tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Aynur Məmmədova təmsil ediblər. Görüşdə, həmçinin Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvü, Meknes şəhər administrasiyasının mühəndisi vəzifəsində çalışan, ADNSU məzunu Rachid Harrath iştirak edib.
Moulay İsmayıl Universitetini isə universitetin prezidenti professor Aboubakr Bouayad, elmi tədqiqatlar, əməkdaşlıq və tərəfdaşlıq üzrə prorektor professor Abdelhamid Zaid, Makromolekulyar Kimya və Təbii Maddələr Laboratoriyasının direktoru, tədqiqatçı Najim Ytobane, ENSAM-Meknes-də keyfiyyət təminatı üzrə məsul şəxs Oumayma El Rhrib, konvensiyalar və tərəfdaşlıqlar üzrə əməkdaş Touria Belkouri, eləcə də digər struktur bölmə rəhbərləri və əməkdaşlar təmsil ediblər.
Görüş zamanı hər iki universitetin fəaliyyəti, akademik və elmi potensialı barədə təqdimatlar keçirilib, tərəfdaşlıq əlaqələrinin qurulması və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlığın ilkin istiqamətləri kimi tədqiqatçı və müəllim mübadiləsi, birgə elmi tədqiqatların və beynəlxalq elmi nəşrlərin hazırlanması, ortaq konfransların təşkili və iştirak, eləcə də beynəlxalq qrant layihələrində birgə iştirak imkanları müzakirə olunub.
Görüş çərçivəsində ADNSU nümayəndə heyəti Moulay İsmayıl Universitetinin İnnovasiya və Texnologiya Transferi Mərkəzinin və Milli Mühəndislik Məktəbinin (ENSAM-UMI) fəaliyyəti ilə tanış olub, onların elmi-tədqiqat və innovasiya infrastrukturu haqqında məlumat əldə edib.
Qeyd edək ki, 1989-cu ildə yaradılmış Moulay İsmayıl Universiteti Mərakeşin dövlət ali təhsil müəssisələrindən biridir. Meknes və Er-Raşidiye şəhərlərində yerləşən 10 akademik müəssisəni birləşdirən universitetdə 82 mindən çox tələbə təhsil alır. Universitetin tərkibində fəaliyyət göstərən Milli Mühəndislik Məktəbi (ENSAM-UMI) Mərakeşdə bu tipli ilk ali mühəndislik məktəbi kimi tanınır və mühəndislik təhsili sahəsində mühüm yer tutur.