Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Forumu keçirilib.
Forum Elm və Təhsil Nazirliyinin dəstəyi, ADNSU-nun tərəfdaşlığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, ADNSU Tələbə Gənclər Təşkilatı və ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “CareerPlus” proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən ADNSU-nun sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova tələbələrin peşəkar inkişafında karyera yönümlü tədbirlərin əhəmiyyətini vurğulayıb. O, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinin, şəxsi inkişaf üzərində davamlı işləməsinin və gələcək karyeralarını düzgün planlaşdırmasının vacibliyini qeyd edib.
ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin rəhbəri Şamil Əhmədov çıxışında universitetdə tələbə və məzunların karyera inkişafına dəstək istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin, tələbələrin əmək bazarı ilə əlaqələrinin gücləndirilməsinin və onların iş imkanları barədə məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri Bəxtiyar Quluzadə “CareerPlus” proqramının məqsədləri, gənclərin karyera imkanlarının genişləndirilməsi və onların əmək bazarına hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Agrodairy şirkətinin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanova işə qəbul prosesinin xüsusiyyətləri, namizədlərdən gözlənilən bilik və bacarıqlar, eləcə də uğurlu müsahibə üçün vacib məqamlar haqqında danışıb.
BEOC şirkətinin İnsan Resursları Departamentinin baş biznes tərəfdaşı Tural Dursunov əmək bazarında insan resurslarının idarə edilməsinin rolu, işəgötürənlərin namizədlərdən gözləntiləri və peşəkar inkişafın karyera uğuruna təsiri barədə fikirlərini bölüşüb.
SOCAR Geofizika və Geologiya İdarəsinin radioaktiv cihazların təmiri üzrə xidmət sahəsinin rəisi İqbal Nağızadə sənaye sahəsində texniki bilik və praktiki bacarıqların əhəmiyyətindən, mütəxəssislərin peşəkar hazırlığının istehsalat proseslərindəki rolundan bəhs edib.
Şəxsi inkişaf və karyera üzrə təlimçi-ekspert, Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov isə şəxsi inkişaf, karyera hədəflərinin müəyyənləşdirilməsi, özünüinkişaf və peşəkar fəaliyyətin düzgün istiqamətləndirilməsi mövzularına toxunub.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırlıb.