×

Xəbərlər

Xəbərlər 16 Nov 2026
ADNSU-da “Dəvətli professor” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasında “Dəvətli professor” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Görüşün qonağı Azərbaycan Metrologiya İnstitutunun Elmi-metrologiya və Etalon şöbəsinin müdiri Şəhla Z.Musayeva olub. O, tələbələrə “Metrologiyanın tarixi və əhəmiyyəti, metroloji laboratoriyalar və ölçmə vasitələri” mövzusunda mühazirə təqdim edib.

Mühazirə zamanı metrologiyanın yaranma tarixi, əhəmiyyəti və əsas vəzifələri, ölçmə sistemlərinin inkişafı, eləcə də müxtəlif sahələrdə tətbiq olunan ölçmə vasitələri haqqında ətraflı məlumat verilib. Kütlə, tibbi, sıxlıq, mikrodalğalı tezlik, xətti-bucaq, müqavimət və temperatur ölçmələri, həmçinin paylanma parametrləri və radio tezlik gücünün ölçülməsi məsələləri diqqətə çatdırılıb.

Bununla yanaşı, tələbələr Azərbaycan Metrologiya İnstitutunda fəaliyyət göstərən 21 laboratoriyanın iş istiqamətləri, istifadə olunan ölçmə avadanlıqları və müasir metroloji tədqiqatların aparılması imkanları ilə tanış olublar.

Görüş çərçivəsində metrologiyanın müxtəlif sahələrdə tətbiqi, dəqiq ölçmələrin əhəmiyyəti və müasir ölçmə sistemlərinin fəaliyyəti barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.


Paylaş