Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Kubanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-nun tarixi, əcnəbi tələbələri, tədris prosesi, eləcə də Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. ADNSU-da bu vaxta qədər 200-dən çox kubalı mütəxəssisin yetişdiyini bildirən rektor, professor M.Babanlı universitetə yenidən kubalı tələbələrin cəlb olunmasının əhəmiyyətini qeyd edib. Rektor M.Babanlı həmçinin ADNSU-nun tələbə mübadiləsi, Startap və transfer texnologiyaları, o cümlədən digər sahələrdə qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.
Universitetdə olmaqdan məmnun olduğunu deyən səfir Alfredo Nieves Portuondo ölkəsində neftin, qazın tədqiqi və işlənməsindən danışıb. ADNSU-nun bir çox kubalı məzunları olduğunu diqqətə çatdıran səfir A.N.Portuondo həmin mütəxəssilərin Kubada xüsusilə seçildiyini və işlədikləri sahədə peşəkar kadr olduqlarını vurğulayıb. Səfir A.N.Portuondo Kubada da neft üzrə kadr hazırlayan ali təhsil müəssisələri olmasına baxmayaraq, ADNSU-nun bu sahədəki geniş təcrübəsindən və mütəxəssis hazırlığındakı yüksək səviyyəsindən faydalanmağın ölkəsi üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb. O ADNSU-da magistartura pilləsinə kubalı tələbələrin cəlb olunmasının xüsusi əhəmiyyətini qeyd edib.
Sonra qonaqlar ADNSU-nun Tarix muzeyində olublar.