Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2018”in təqdimatı keçirilib.
Tədbirdə ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru dosent Ata Babayev, Bakı Marafon klubunun təsisçisi Firdovsi Kərimov, Heydər Əliyev Fondunun nümayəndələri və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru dosent A.Babayev “Bakı Marafonu-2018” layihəsinin gənclər üçün əhəmiyyətindən söz açıb. Dosent A.Babayev tələbələri sağlam həyat tərzini təbliğ edən və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan bu sosial layihəyə qoşulmağa dəvət edib.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu haqqında video təqdimatla çıxış edən Bakı Marafon klubunun təsisçisi F.Kərimov yarış haqqında iştirakçılara ətraflı məlumat verib. Artıq 3-cü dəfə təşkil olunacaq “Bakı Marafonu-2018”in dəyərlərindən və məqsədlərindən söz açan F.Kərimov ötən il idman tədbirində marafonçuların 41%-nin məhz tələbələr olduğunu vurğulayıb.
Eyni zamanda yarışda iştirak etməyin qaydaları, qeydiyyat prosesi və mükafatlar haqqında iştirakçılara məlumat verilib.
Qeyd edək ki, marafon may ayının 13-də keçiriləcək. Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcək.
Yarışda iştirak etmək istəyən şəxslər mayın 5-dək Bakının ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2018”in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.