×

Xəbərlər

Xəbərlər 26 Apr 2018
UFAZ-da Frankofoniya həftəsinin yekun konserti keçirilib

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin Frankofoniya bayramı münasibətilə konsert proqramı keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, “Millennium” layihəsinin Azərbaycan bölməsinin sədri Reyhan Hüseynova, Belçika, Rumıniya səfirliklərinin nümayəndələri, həmçinin İqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov, Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu, Fransız Biznes Klubunun nümayəndəsi Rauf Rəfi, həmçinin, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirə UFAZ-ın Heyvanlara Qayğı Klubunun sərgisi ilə start verilib. Sərgidə Klub üzvlərinin əl işlərinin xeyriyyə satışı təşkil edilib. Qeyd edək ki, satışdan yığılan vəsaitin evsiz heyvanlar üçün istifadə olunması planlaşdırılır.

Tədbir iştirakçılarını salamlayan UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov və baş katib Şarlott Payen Frankofoniya bayramının əhəmiyyətindən, fransız dilinin tarixindən, Azərbaycan-Fransa əlaqələrindən danışıblar.

Sonra tədbir UFAZ tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib. Qonaqlar UFAZ tələbələri tərəfindən hazırlanmış Corc Bizenin Karmen Habanera ariyası və belçikalı ifaçı Stromae’nin “Carmen” mahnısı, “Comptine d’un autre été” musiqisini dinləyib, həmçinin, əyləncəli videolar və “Balaca Şəhzadə”, “Bonni və Klayd” tamaşalarından qısa parçalar izləyiblər. 

Qeyd edək ki, tədbir Bakcell, Landmark Hotel Baku və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sponsorluğu, ADO Teatr Klubu, “One-Man Orchestra Filigan” və Bakı Fransız liseyinin əməkdaşlığı ilə baş tutub.


Paylaş