Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə ixtisasartırma kursunda iştirak edən Rusiyanın Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri ilə görüşüb.
ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetin tarixi, beynəlxalq əlaqələr, tədris prosesi, ixtisaslar, tanınmış məzunlar, Startap məktəbi və s. haqqında ətraflı məlumat verib. Azərbaycanda texniki yönümlü ixtisaslara marağın yüksək olduğunu bildirən rektor Mustafa Babanlı universitetdə neftlə yanaşı sənayenin müxtəlif istiqamətlərini əhatə edən ixtisasların tədris olunduğunu qeyd edib. ADNSU-nun Sankt-Peterburq Dağ-mədən Universiteti ilə əlaqələrə xüsusi önəm verdiyini deyən rektor M.Babanlı daha çox elm və innovasiya istiqamətlərində birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Səmimi qəbula görə rektor, prof. Mustafa Babanlıya təşəkkür edən Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri təmsil etdikləri ali məktəb haqqında video təqdimat nümayiş etdiriblər. Universitetdə olduqları müddətdə onlara göstərilən diqqətdən razılıqlarını ifadə edən bildirən rusiyalı nümayəndə heyəti ADNSU ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını qeyd ediblər.
Qeyd edək ki, Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri ADNSU-nun nəzdində Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda ixtisasartırma kursunda iştirak edirlər. Kurs müddətində iştirakçılar universitetin müxtəlif kafedra, şöbə, laboratoriyalarında olub, dərs prosesində iştirak ediblər.
Kursun sonunda Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələrinə sertifikat təqdim olunacaq.