×

News

News 29 Jun 2018
“Azərişıq” ASC-nin Tədris Mərkəzində ADNSU magistrantlarının dissertasiya işlərinin müdafiəsi baş tutub

İyunun 29-da Təhsil Nazirliyinin Müştərək Magistr Hazırlığı layihəsi çərçivəsində “Azərişıq” ASC-nin Tədris Mərkəzində tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi, “Azərişıq” ASC və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirakı edib.

Layihənin həyata keçirilməsində əsas məqsəd elektroenergetika üzrə ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinin hazırlanmasında “Azərişıq” ASC-nin maddi-texniki bazasından, müasir laboratoriyalarından yararlanmasını təmin etmək, eyni zamanda paylayıcı şəbəkələrin elektrik enerjisinin keyfiyyət göstəricilərinin normallaşdırılması o cümlədən texniki və texnoloji itkilərin minimallaşdırılması, tələb olunan səmərəli elektrik təchizatı sxeminin formalaşdırılması, xüsusilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaqdır.

Müştərək Magistr Hazırlığı layihəsinin əsas qayəsini təşkil edən detallara gəldikdə isə vurğulanıb ki, magistrlərə təqdim edilən dissertasiya mövzuları elektroenergetikanın, xüsusilə ölkənin paylayıcı elektrik şəbəkələrinin aktual problemlərini və sahənin inkişafını əhatə etməklə, “Azərişıq” ASC tərəfindən müəyyənləşdirilir. Yəni magistrlərə universitet tərəfindən elmi rəhbərlə yanaşı, “Azərişıq” ASC-nin təcrübəli mühəndisləri ikinci dissertasiya rəhbəri (istehsalat rəhbəri) kimi təyin olunur. Paralel olaraq layihə qaydalarına uyğun olaraq istehsalat rəhbərləri magistrlərə lazımi materiallar, dərs vəsaitləri, proqram təminatları və s. ilə təchiz edilməklə, mənbələr göstərilməklə istiqamətləndirir. Eyni zamanda istehsalat rəhbərləri magistrlərə diplom işlərinin mövzusundan asılı olaraq Bakı və regional şəbəkələrin elektrik qurğuları (yarımstansiyaları, EVX-lər, Dispetçer İdarəetmə mərkəzləri və s.) ilə tanışlığını təmin edir, üstəlik ayda 3 dəfədən az olmayaraq onlarla görüş keçirilərək, yaranmış sualları cavablandırır. Bu da öz növbəsində gənc kadrların formalaşmasında əhəmiyyətli rol oynayır.

Bu cür layihənin artıq 2017-2018-ci tədris ilində Təhsil Nazirliyi, “Azərişıq” ASC və ADNSU tərəfindən birgə həyata keçirildiyi qeyd olunub. Belə ki, ADNSU-nun “Elektroenergetika” kafedrası üzrə II kurs, 20 nəfər magistranta “Azərişıq” ASC tərəfindən dissertasiya işlərinin mövzuları təqdim olunub. Layihə çərçivəsində “Azərişıq” ASC tərəfindən istehsalatın gündəlik iş fəaliyyətində və perspektiv istiqamətlərində aktual olan dissertasiya mövzuları təqdim edilib və magistrantlara hərtərəfli dəstək göstərilib.

Tədbirdə ADNSU-nun 10 nəfər magistrantının dissertasiya işlərinin müdafiəsi baş tutub. Həmçinin, universiteti bitirən həmin gənc kadrların gələcəkdə “Azərişıq” ASC-də işlə təmin olunmalarının nəzərdə tutulduğu xüsusi qeyd olunub.

 


Share