2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci tədris binasında yerləşən 2500 kv/m-lik ərazidə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub. Bu haqda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib.
“2016-cı ilin sonundan etibarən laboratoriyaların tikilməsinə və əsaslı təmir olunmasına başlanılıb. Artıq işlər yekunlaşmaq üzrədir və 2018/2019-cu tədris ilindən kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə laboratoriyalar istifadəyə veriləcək”, - deyə Vazeh Əsgərov bildirib.
UFAZ-ın icraçı direktoru qeyd edib ki, “laboratoriyalara avadanlıqların alınması və quraşdırılması tamamilə Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikilişi, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edir”.
Qeyd edək ki, hazırda UFAZ-ın tədris binasında 1-ci və 2-ci kurs tələbələrinin dərslərinin aparılması üçün fizika, kimya və optik laboratoriyalar vardır. Yeni laboratoriyalardan UFAZ-la yanaşı ADNSU tələbələri də istifadə edəcəklər. Bundan əlavə, yeni laboratoriyaların açılışı tələbələrlə yanaşı ADNSU-da çalışan alimlərin birgə səyi ilə UFAZ-ın gələcəkdə həm də tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.
İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. İmtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.
UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin qəbulu nəzərdə tutulur.