KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsi olan «Turan Drilling & Engineering» MMC “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqavilənin bağlanmasını elan edib.
İmzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması imkanları da nəzərə alınmaqla 700 milyon ABŞ dolları məbləğindədir. Müqavilə, Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına əsasən, BP şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsi və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutur. Müqavilənin əhatə dairəsinə “Şərqi Azəri”, ‘’Qərbi Azəri’’, ‘’Mərkəzi Azəri’’, dərinsulu “Günəşli”, habelə “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir. Müqavilənin ilkin müddəti beş ildir və iki dəfə bir il müddətinə artırıla bilər.
2018-ci ilin iyul ayında təsis olunmuş “Turan Drilling and Engineering” KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsidir. Birgə müəssisə, özündə qazma və mühəndis-layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində dünyanın aparıcı podratçılarından sayılan KCA Deutag şirkətinin səriştəsini habelə SOCAR AQŞ-nin Xəzər regionunda qabaqcıl təcrübəsini və infrastrukturunu birləşdirir.
“Turan Drilling and Engineering” birgə müəssisəsinin əsas səhmdarı olan SOCAR AQŞ MMC-nin Baş direktoru cənab Ramin İsayev qeyd etmişdir ki, SOCAR AQŞ Xəzər regionunda inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində özünü təsdiq etmiş və etibarlı infrastruktura malik olan aparıcı müəssisədir. “Biz çox şadıq ki, birgə müəssisəmiz olan “Turan Drilling and Engineering” şirkəti öz inkişafının vacib mərhələsi sayılan bugünkü müqavilənin imzalanmasına nail olmuşdur. Bu müqavilənin bağlanılması birgə müəssisəmizin ən yüksək sənaye standartlarını tətbiq etməklə kompleks layihələrin həyata keçirilməsi sahəsində texniki imkanlarının və potensialının müştəri tərəfindən tanınmasına dəlalət edir. Yerli şirkət olaraq “Turan Drilling and Engineering” birgə müəssisəsi təsisçi şirkətlərin mövcud infrastrukturu, təcrübəsi və resursları kimi amillərin birləşdirilməsi sayəsində xərclərin optimallaşdırılmasını təmin etmək baxımından əlverişli mövqeyə malikdir. Bu gün imzalanan müqavilə Azərbaycanda yerli kadr potensialının və ümumiyyətlə, qazma sənayesinin və onunla əlaqəli xidmət sahələrinin inkişafına töhfə verəcək”.
Xəbəri şərh edən KCA Deutag şirkətinin Baş direktoru cənab Nori Makkey bildirib ki, KCA Deutag artıq uzun illərdir ki, Xəzər hövzəsində çalışır. ‘’Biz şadıq ki, BP “Turan Drilling and Engineering” şirkəti ilə böyük əhəmiyyətə malik müqaviləni imzalamaqla Azərbaycanda yaratdığımız bu birgə müəssisənin potensialına inamını nümayiş etdirdi.
Xəzər regionunda quruda və dənizdə qazma və mühəndis-layihələndirmə xidmətlər bazarı öz dinamik inkişafını davam etdirir və biz əminik ki, yerli müəssisə olaraq regionda mövcud olmağımız strateji mövqeyimizi gücləndirməklə yeni fürsətlərdən yararlanmağımıza imkan verir”.