×

News

News 24 Jun 2019
UFAZ-ın 10 tələbəsi Fransanın milli riyaziyyat müsabiqəsində ən yaxşı 100 iştirakçı arasında yer alıb

Aprelin 3-də riyaziyyat həftələri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 1-ci kurs tələbələri üçün UFAZ-da fəaliyyət göstərən Strasburq Universitetinin Riyaziyyat və Kompüter Elmləri üzrə müəllimi Loic Cellierin təşəbbüsü ilə ilk dəfə "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib. 35 tələbəyə 50 dəqiqə ərzində həll etmək üçün məntiq və riyaziyyat üzrə tapşırıqlar verilib.

Reytinqlər üzrə əldə olunan nəticələrə əsasən UFAZ-ın 10 tələbəsi Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb.

Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Ləman Cəlilova müsabiqədə dördüncü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib.

"Maraqlısı odur ki, müsabiqədən sonra yorğun olmağımıza baxmayaraq orada qalıb riyaziyyat üzrə verilən bütün tapşırıqları müzakirə etdik”, – deyə Laman Cəlilova bildirib.

Qeyd edək ki, 2018/2019 tədris ili üzrə dövlət imtahanında ən yaxşı nəticə göstərən tələbələrdən biri olan Ləman (DİM 680, UFAZ 72.5 / 100) “Sabahın alimləri” müsabiqəsinin final mərhələsində iştirak edib.

11-18 iyul tarixlərində Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Ləman Cəlilova (4-cü yer) və Neft-qaz mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Rövşən Ələskərov UFAZ-ı təmsil etmək üçün Avoine (Fransa) Kangourou beynəlxalq yay riyaziyyat düşərgəsində iştirak edəcəklər.

Fransaya baş tutacaq səfər Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycanda Fransız İnstitutunun (İFA) dəstəyi ilə həyata keçiriləcək.

Tələbələri göstərdikləri yüksək nəticə münasibəti ilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzu edirik.

1994-cü ildən etibarən "Kangourou Sans Frontières" (sərhədsiz Kenquru) Assosiasiyası hər il "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsini dünyanın dörd bir tərəfində 6 milyondan çox iştirakçı üçün təşkil edir.

Bu müsabiqə ilk dəfə 1991-ci ildə fransalı iki müəllim André Deledicq və Jean Pierre Boudine tərəfindən Fransada "Kangaroo" adı altında keçirilməyə başlayıb.

İlk dəfə müsabiqəyə 120 min iştirakçı qatılıb. Müsabiqə 21 Avropa ölkəsində "Kangaroo without borders" adı altında keçirilir.

Qaliblərin siyahısı:

Ləman Cəlilova, Kimya Mühəndisliyi, 4-cü yer

Toğrul Babayev, Geofizika Mühəndisliyi, 19-cu yer

Orxan Qəhrəmanlı, Kompüter Elmləri, 31-ci yer

Rövşən Ələsgərov, Neft və Qaz Mühəndisliyi, 34-cü yer

Səbinə Abdyeva, Kompüter Elmləri, 39-cu yer

Fariz Abdullayev, Neft və Qaz Mühəndisliyi, 55-ci yer

Asif Məmmədov, Kompüter Elmləri, 91-ci yer

İsmayıl Kərim, Kimya Mühəndisliyi, 95-ci yer

İsmayıl Həsənzadə, Kimya Mühəndisliyi, 98-ci yer

Məryəm Babayeva, Kompüter Elmləri, 100-cü yer


Share