×

News

News 25 Jun 2019
2018-2019-cu tədris ilinin UFAZ yaz-yay imtahan sessiyasına dair məlumat

27 may-8 iyun 2019-cu il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yaz-yay imtahan sessiyası keçirilib. 10 iyun tarixində UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

Eyni zamanda UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılmış və həqiqətən də bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsi ilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə etdiyi müəyyən olunub.

Təsis edildiyi ilk gündən etibarən Avropa standartlarına uyğun fəaliyyət göstərən “UFAZ” layihəsi şəffaflıq, dürüstlük və ədalət prinsiplərinə sadiqdir. Bu universitetdə təhsil alan tələbələrin bilik və bacarıqlarının hamı üçün bərabər, heç bir ayrı-seçkiliyə və ya ədalətsizliyə imkan verməyən bir şəraitdə yoxlanılması layihənin təməl prinsiplərindən biridir. Bu və ya digər səbəbdən bir və ya bir neçə tələbə tərəfindən imtahanda digər tələbələrə münasibətdə ədalətsiz üstünlük əldə etmək cəhdlərinin hər zaman qabağı alınmış, imtahan prosesinin və onun nəticələrinin obyektivliyi qorunub saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə  II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imatahanların keçirilməsinə dair qərar qəbul edib.

Qeyd etmək istərdik ki, hadisə ilə bağlı ADNSU–nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və 21 iyun tarixində II kurs üzrə təhsil alan bütün tələbələr ilə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.


Share