×

News

News 30 Nov -0001
A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyasının şagirdləri ADNSU-da olub

Noyabrın 24-ü A.S.Makarenko adına Humanitar Fənlər Gimnaziyasının şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı A.S.Makarenko adına Humanitar Fənlər Gimnaziyasının şagirdləri ilə görüşüb. Şagirdləri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU haqqında şagirlərə geniş məlumat verib. Universitetdə 4 fənn üzrə bilik olimpiadasının keçiriləcəyini qeyd edən rektor qaliblərə müəyyən imtiyazların verilməsinin nəzərdə tutulduğunu bildirib.

 

“Mən ümid edirəm ki, bizim gələcək tələbələrimizlə görüşürəm. Bu gün ADNSU-da təhsil alan tələbələr seçilmişlərin seçilmişidir. İmtahanlarda yüksək  nəticələr göstərən tələbələrin ADNSU-nu  seçmələri bizim üçün böyük fəxrdir. Ümid edirəm ki, sizin də aranızdan ADNSU-nu hədəfləyənlər çoxdur” – deyə rektor, M.Babanlı bildirib.

 

Görüşün sonunda rektor, professor M.Babanlı şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

Daha sonra şagirdlər universitetin tarix muzeyini ziyarət edib, ali məktəbin yaranma tarixi və tanınmış məzunları haqqında geniş məlumat əldə ediblər. Heydər Əliyev lektoriyası, kimya laboratoriyaları, akt zalı, auditoriyalar və dərs otaqları ilə tanış olan şagirdlər UFAZ-ın tələbələri ilə də görüşüblər. Ekskursiya gün ərzində davam edib.

 

Qeyd edək ki, ekskursiya 2016-cı il noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyası arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən keçirilib.


Share