Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Səfərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 5 əcnəbi tələbə də iştirak edib.
Səfərdə ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsinin III kurs tələbəsi Elina Mourantova (Yunanıstan) və IV kurs tələbəsi Ding Jing ( Çin), BBA I kurs tələbəsi Ali-zade Max Elmar (B.Britaniya), Qaz-neft mədən fakültəsinin II kurs tələbəsi Zhang Cioging (Çin) və IV kurs tələbəsi Yentur İbrahim Halil, eləcə də ADNSU-nun Əcnəbi Tələbələrinin dekanı Yaşar Həsənov və media nümayəndələri iştirak edib.
Türkiyə Cümhuriyyətindən olan tələbə Yentur İbrahim Halil şəhid ailəsi ilə görüşdüklərini, bünövrəsi yeni qoyulan məktəbin tikinti işləri ilə tanış olduqlarını deyir. Ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüşdüklərini söyləyən tələbə Aprel döyüşləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə onlara geniş məlumat verildiyini və bu səfərdən müsbət təəssüratlarla geri döndüklərini qeyd edib.
O Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş bu səfərin onun xatiriəsində silinməz iz buraxdığını qeyd edib və vurğulayıb ki, Cocuq Mərcanlıda görüdkləri Azərbaycan xalqının Qarabağ probleminin tezliklə ədalətli həllinə nail olacağına dair onun əminliyini artırıb.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.